Logo

Litva Milli Kitabxanasının baş direktoru BDU-da ustad dərsi keçib

27.09.2023 11:42 182 baxış
IMG

Litva Milli Kitabxanasının baş direktoru professor Renaldas Gudauskas Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu” mövzusunda ustad dərsi keçib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Professor Renaldas Gudauskas mühazirəsində rəhbərlik etdiyi Litva Milli Kitabxanasının tarixi, inkişaf dövrləri, fəaliyyəti, sənəd dövriyyəsi, kitab fondu və prioritetləri barədə məlumat verib.

Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolunu şərh edən R.Gudauskas bildirib ki, kitabxanalar xalqların milli irsinin mühafizəsində aparıcı rol oynamaqla bərabər, ölkələrarası elmi, ədəbi-mədəni, ictimai əlaqələrin formalaşmasına da mühüm töhfələr verirlər. Milli kitabxanaların kitab mübadiləsinin təşkilində aparıcı mövqeyə malik olduğunu vurğulayan mühazirəçi beynəlxalq kitab mübadiləsinin şərtlərini, həyata keçirilməsi üsullarını izah edib.

Professor R.Gudauskas müasir dövrdə cəmiyyətin informasiya təminatının yüksək səviyyədə ödənilməsində elektron resursların əhəmiyyətini diqqətə çatdırıb, milli kitabxanaların informasiya resurslarına qoyulan tələblər, eyni zamanda, yeni idarəetmə formaları barədə məlumat verib. Mühazirədə müxtəlif ölkələrin milli kitabxanaları arasında müqayisəli təhlillər aparılıb, təcrübədə təsdiqini tapmış innovativ iş metodları şərh olunub.

Sonra Litva Milli Kitabxanası və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsi arasında əlaqələrin inkişaf etdirilməsi, gələcəkdə birgə elmi konfransların, seminar və ustad dərslərinin keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xəbər lenti