Logo

Rəsədxanada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

27.09.2023 17:03 253 baxış
IMG

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı və Şamaxı bölmələrində 27 Sentyabr - Anım Günü qeyd olunub.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.

Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən rəsədxananın baş direktoru Namiq Cəlilov Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin igid oğullarımızın cəsarəti, şücaəti, o cümlədən şəhadəti bahasına başa gəldiyini vurğulayıb.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmasına cavab olaraq Şanlı Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Əks-hücum əməliyyatları zamanı yalnız hərbi təyinatlı hədəflərə atəş açmaqla müharibə qanunlarına və humanizm prinsiplərinə sadiqliyini bütün dünyaya göstərən Müzəffər Ordumuz 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdi və düşməni kapitulyasiyaya məcbur etdi.

Bu il sentyabrın 19-20-də ordumuz tərəfindən aparılmış uğurlu antiterror tədbirlərinə də toxunan Namiq Cəlilov artıq suverenliyimizin tam bərqərar olduğunu bildirib.

Daha sonra rəsədxana əməkdaşları çıxış edərək Anım Günü ilə bağlı təəssüratlarını bölüşüblər. Gənclərin vətənpərvər ruhda yetişdirilməsi üçün bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğulayıblar.

Tədbirə II Fəxri xiyabanın ziyarəti ilə yekun vurulub. Rəsədxana əməkdaşları tərəfindən şəhid məzarları üzərinə tər çiçəklər qoyulub.

Anım Günü tədbiri, həmçinin rəsədxananın Şamaxı bölməsində keçirilib. Rəsədxana əməkdaşlarının Vətən müharibəsi haqqında çıxışları fonunda təşkil olunmuş tədbirin sonunda Şamaxı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib, şəhid məzarları önünə gül dəstələri qoyulub.

Xəbər lenti