Logo

Mərkəzi Elmi Kitabxanada şəhidlərin xatirəsi yad edilib

27.09.2023 21:37 137 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 Sentyabr - Anım Günü ilə əlaqədar dəyirmi masa keçirilib.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan baş direktor professor Məmməd Əliyev üç il öncəki tarixə qayıdaraq ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətinə və əks-hücum əməliyyatının başlandığı günə nəzər yetirib. Bildirib ki, Azərbaycan xalqı Prezidentin ətrafında bir yumruq kimi birləşərək düşmənə ağır zərbə endirdi: “Gələcək nəsillərin tarixdən oxuyacağı 44 günlük bu şərəfli dövrü canlı yaşadığımız üçün xoşbəxt insanlarıq. Torpaqlarımızı işğaldan azad edərək qürurumuzu, tarixi ədaləti bərpa etmiş olduq. Müharibənin kulminasiya nöqtəsi olan möhtəşəm Qələbə Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun rəşadəti, şəhidlərin qanı hesabına, qazilərin şücaəti sayəsində qazanıldı”.

MEK-in Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva çıxışı zamanı 27 sentyabrdan başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycanın həm hərb, həm siyasi tarixinə qızıl hərflərlə yazılan bir səhifə olduğunu vurğulayıb. Bildirib ki, dövlətimizin başçısı tərəfindən aparılan uğurlu siyasət nəticəsində Vətən müharibəsindən sonra Azərbaycana qarşı sərgilənən münasibət də müsbət oldu: “30 ilə yaxın müddətdə Azərbaycan tərəfi maksimum şəkildə bu məsələnin, problemin sülh masası arxasında həllinə çalışsa da, Ermənistan öz havadarlarına güvənərək təcavüzkarlıq siyasətindən əl çəkmirdi, ölkəmizi 90-cı illərdəki Azərbaycanın gücü ilə müqayisə edirdi. Lakin Azərbaycanın siyasi, iqtisadi uğurları, güclü ordu quruculuğu düşməni diz çökməyə vadar etdi. Azərbaycan tərəfindən Qarabağda keçirilən son antiterror tədbirləri ilə bölgədə separatizmin kökünü tamamilə kəsmək istiqamətində ciddi, fundamental addım atıldı”.

Xəbər lenti