Bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından 3 il ötür. Kulis.az bu münasibətlə ən yaxşı müharibə şeirlərini təqdim edir.
Zahir Əzəmət
Əsgər məktubu
sizə zəfər gətirəcəyik
bizə məktub yazın heç olmasa
sətirlərdən ürəyiniz boy versin
səbirlə dinləyin şikəst qayıdan
əsgər yoldaşlarımızın gecə sayıqlamalarını
üz çevirib getməyin uşaqlarımız dilənəndə
su verin
çörək verin!
atalarımıza siqaret
analarımıza ürək dirək verin…
sizə zəfər gətirəcəyik
bizə barıt qoxusu dadmayan
səhər saxlayın
bir az günəş
bir az dəniz…
bir az da soyuq xırdalan pivəsi
şəxsən mənim üçün
və sevməyin, ay əclaflar
bizi gözləyən qadınları
Cəlil Cavanşir
Savaşdan əsgər məktubu
qan-qadalı savaşlardan dönəcəm,
qıra bilməz ümidimi güllələr.
xoş müjdəli zəfərlərlə gələcəm,
qalib kimi qayıdacam bir səhər.
bir az döyüş xatirəsi – dumanlı,
xoş gələcək, xoş ümidlər – bir qucaq.
qızım üçün saman saçlı gəlincik
oğlum üçün boş gilizdən oyuncaq.
bir də döyüş dostlarımın fotosu,
böyüdərəm, divarımdan asaram
döyüşlərdən, savaşdan söz düşəndə,
o fotoya baxaram, göz vuraram.
saçlarımda bir az barıt qoxusu,
qoxu gedər, ancaq bitməz qorxular
neçə müddət yuxu getməz gözümə,
gecələri kabus olar yuxular.
xoş müjdəylə qayıdacam, gözləyin
qayıdacam mən ümidlə, zəfərlə.
qayıdacam, hələ dözün səbr edin,
qayıdacam mütləq gözəl xəbərlə...
qayıdacam mütləq, məni gözləyin
ancaq hələ bu dağlarda savaş var,
körpələrin ümidini üzməyin
ya gec, ya tez, bitir bütün savaşlar...
Emin Piri
Sağ qalan varmı?!...
əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinir:
“üşüyürəm, ana,
odun atıram sobaya” ...
daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir
tağım komandirinin:
“kimsə sağdı?!”
Rasim Qaraca
Əgər ən yaxın dostun müharibədə ölmüşsə...
səhərlər gec açılar axşamlar erkən düşər
yeməklər dadsız olar qiymətlər baha
getməyə yerin olmaz
şaxta qılınctək kəsər
əgər ən yaxın dostun müharibədə ölmüşsə
bir siqaret dilənib yol keçən birisindən
nə olar bunu yandır bağırıb gerisindən
sən küləyə külək də dönüb sənə tüpürər
əgər ən yaxın dostun müharibədə ölmüşsə
artıq, qalan ömrünü dostca bölüb tən ortadan
qan damarlarından, kapilyarlardan və aortadan
bu acı qisməti bölüşmək də çətin
bir az mətin olmalı imişsən məgər
ən yaxın dostun müharibədə ölmüşsə əgər
sən artıq ölü bir varlıqsan bunu da bil
demək adamların önündən lal sükutla keçməlisən
heç kəsə salam verməsən də olar
işə getməsən
axşam evə qayıtmasan da
əgər ən yaxın dostun müharibədə ölmüşsə
sən artıq müharibə əsirinin oğlusan
bir adın savaş olmalı
sən indi səngərlərə tökülmüş bağırsaqlarsan
dişlərin patrondaş
gözlərin mərmi yuvası
nə qədər desən də boş şeydir alın yazısı
taleyin insan iradəsindən yüksəkdə dayandığına
bir nida işarəsi olacaqsan
əgər ən yaxın dostun müharibədə ölmüşsə
dünya gözündə dəyişib əlin hər yerdən üzülmüşsə
vətən kəliməsini dilinə də gətirməyəcəksən
çünki vətən insan udan maşın kimi
görünəcək gözlərinə
vətən kəliməsi tale kəlməsinə bərabər olacaq
tale kəlməsi məzarlıq kəliməsinə
nə büdrəməkdən qorxacaqsan
nə yıxılmaqdan
nə sərxoş olub asfalta yaxılmaqdan
nə üçün sualının fəlsəfi izahını axtarmayacaqsan
nə də cavanlıq deyib gözəl qızlara baxacaqsan
ölü yarpaqları tapdayıb gedəcəksən küləyə qarşı
əgər ən yaxın dostun müharibədə ölmüşsə
ömürsə bitib tükənmək bilməyəcək
günlər sənin acığına biri birindən gözəl
soyuq buludlar yalayacaq vağzal səkilərini
heç kəsi qarşılamayacaq yola salmayacaqsan
üzündə donmuş təbəssüm
gözlərində yaş
astadan tütün çəkib
ötən qatarların arxasınca öskürəcəksən
mənası qalmayacaq artıq nə şehli yolkaların
nə də relslərə baş qoyan o ağılsız köpəyin
əgər ən yaxın dostun müharibədə ölmüşsə
dünyanın gizli bir sirri qalmayacaq səninçün
çayxana küncündə oturan tənha adamları
dərk etməyə başlayacaqsan artıq
acgözlüklə siqaret sümürən nəşəxorlar
son qəpiyini pivəxanalarda əridən dilənçi qocalar
ən nurlu adamlar olacaqlar
hər gün bir az daha çirkaba bulaşmaq istəyəcəksən
namuslu adamları isə görməyə gözün olmayacaq
hər kəsin üzündən satqınlıq yağacaq
əgər ən yaxın dostun müharibədə ölmüşsə
əgər ən yaxın dostunun kəllə çanağını
düşmən mərmisi parçalamışsa
gözlərinin önündən getmirsə qan hopmuş kəfəni
nədənsə sənə həddən artıq dərin görünən qəbirdə
onun hansı hislər keçirdiyini düşünürsənsə...
təkcə ona görə yox ki nə vaxtsa birlikdə
xoş günlər keçirmiş
dadlı söhbətlər etmiş
sevincinizi və ya kədərinizi bölüşmüsünüz
təkcə ona görə yox
həm də ona görə ki
gələcəyin çox uzaq bir məkanda olduğuna
gələcəyin əslində heç zaman gəlməyəcəyinə
biri-birinizi inandırmışdınız...
əgər ən yaxın dostun müharibədə ölmüşsə
demək keçmiş də, bu gün də öləcək
demək artıq sona yetmiş gələcək
o bir də heç zaman gəlməyəcək...
Rəşad Nağı Mustafa
Müharibə başlayıb, Nəbatat bağındayam...
Müharibə başlayıb... Nəbatat bağındayam.
Hava yaman soyuqdu, özüm də bir az xəstə.
Heyf, evdən çıxanda papaq da qoymamışam
Anam elə bilir ki, ölüm ayağındayam.
Müharibə başlayıb... Nəbatat bağındayam...
Mən səni gözləyirəm....
Eləcə dayanmışam Eldar şamının altda
Gör e, adam adında ağaclar var həyatda
Ağacların üstündən yıxılan balacalar böyüyür, igid olur.
Mən səni gözləyirəm, amma indi, bəlkə də,
bu ağacın adaşı Şuşada şəhid olur.
Mən səni gözləyirəm...
Gəlsən, soruşma məndən vətən səninçün nədi?
Bax, indi dediklərim hamısı bəhanədi:
Anamın olduğu yer, atamın yatdığı yer,
bir də sən hardasansa ora mənə vətəndi.
Anam heç vaxt ölməsin, sən də ölmək istəmə.
Mən atamdan bilirəm, ölüm bədahətəndi.
Mən də mütləq öləcəm, elə Eldar şamı da,
Bir əsgər anasının ümidi ölmür heç vaxt,
bir də əziz şəhidlər ölmür, başına dönüm
Məni bərk qucaqlama, axı atan deyiləm
Məndən barıt qoxusu gəlmir, başına dönüm.
Hər şeyə baxmayaraq
yenə də məni sevmək
çox xoşuna gəldisə,
dua et, ayrılmayaq,
duadan yaxşı nə var
ürəyin gözəldisə...
Ramil Əhməd
Müharibədən sonra
Müharibədə ayağını, qolunu
itirmiş kişilərdən qorxub qaçardıq həmişə...
Hərdən yuxuma girirdi Qədim kişinin itkin əlləri,
tutub boğurdu məni.
Böyük uşaqlar ölümün nə demək olduğunu bildiyindən
başa düşürdülər atalarının öldüyünü.
Analarından gizlədərdilər
küçədə döyüldüklərini.
Taxtadan tapança düzəldərdilər
atalarının qisasını almağa...
Canavarlar Qarabağda qaldı,
hərə əlində bir ovuc torpaq,
ağzında bir qurtum su,
ciyərlərində bir udum hava gətirdi ordan...
Sözlü qızlar sevgilərini qaçaqaçda salıb itirdilər.
Hər şəhid bir ananın ümidiydi,
məryəm qızların toppuş cocuqlarının atasıydı...
Hər evə böyüdülmüş bir əsgər şəkli qaldı və...
qızlar bu şəkillərə baxıb doğdular...
Bu şəkil cocuqlar öz atalarının ögey balalarıydı...
Nə qonşulardan bir havar varıydı,
nə qohumlardan.
Neçə gündü tifilləri ac qalan dul Sürəyya
pəncərə önündə çarmıxa çəkilmişdi,
yardım maşınını gözləyirdi...
Qurdlu ciyər,
qaralmış ət,
iylənmiş ürək satan qəssab Qulam
"Bu üç yetimi necə dolandırır,
bəlkə, ürəyini satır xəbərimiz yoxdu?”, - deyirdi...
Balaca qızcığaz
gizlənqaç oynayırdı ki,
gözlərini açanda atasını tapsın...
Sürəyya deyirdi :
"Boyu uzun buray qızım,
saçı uzun suray qızım,
üç gecə yatandan sonra atan gələcək”.
O üç gün gəlib çıxmadı -
qızcığaz saymağı bacarmırdı çünki…
Eminquey
Keçən gün
keçən gün,
bilmirəm nə vaxtsa,
məni əsgər meyitlərinin içindən sağ tapdılar,
məni donmağa qoymayan sinəmdəki gülləni
çıxartdılar,
anama verdilər,
sonra əsgər meyitlərinin boğazından bayraq tapdılar
gödəkçələrinin üstündəki...
keçən gün,
bilmirəm nə vaxtsa,
pürrəngi qardan adam düzəldən uşaq tapdılar,
mərmi gilizlərindən burnu,
əsgər papağından papağı qar adam...
keçən gün,
bilmirəm nə vaxtsa,
bizimçün bəzənib göbək yellədən mavi əsgər də şəhid oldu.
keçən gün,
bilmirəm nə vaxtsa,
Nabat xala tutdu qolumdan,
nəvəsinin kəmərini göstərdi,
«ay əclaf, bəs, sən niyə ölmədin?» — deyib
kədərini göstərdi,
sonra qucaqladı məni,
ağladı nəvəsini.
keçən gün,
bilmirəm nə vaxtsa,
əyilib torpağı öpən adamlara,
torpaq üstünü örtərək özünü bağışladır...
keçən gün,
bilmirəm nə vaxtsa,
harda bir ağlayan adam gördümsə qaçdım,
elə o zamandan bəri,
dözə bilmirəm ağlayan adamlara,
onlar torpaq qoxuyan yağış dadır...
Aqşin Evrən
Dünya yaşıl olanda
Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm.
Rəvan Cavid
Havuş
Uşaq vaxtı aldığım oyuncaq avtomatlar
Böyüyüb dəmir oldu, indi adam öldürür.
Öldürür içimdəki o məsum uşağı
Dayayanda çiynimə o sərt qundağı.
Ay ana, axtarma o uşağı,
Qarışıb palçığa, qara qarışıb.
düymə tikdiyin bəyaz parçaya
Yara yapışıb.
İndi isə, ay sevgilim,
Masmavi buludların ən alisinə and içirəm,
Səndən yadigar qalıb ikinəfərlik təklik.
Azan səsinə qarışıb quzğunların aclıq ah-vayı,
Ölənlərə yox, dözənlərə salavat çəkdik.
Sən də,
Ay məni axtaran günahım,
Məni bir də axtarma,
İtirmişəm Allahı.
Ulucay Akif
Sevgi marşı
indi əllərimiz qana bata-bata
ölkələrin arasından tikanlı məftilləri
evlərin arasından hasarları sökməliyik
indi dünyanı daha gözəl etməliyik
doyunca içməliyik
soyuq qış gecələrində isti çaxırı
doğru adamlarla sevişməliyik
isti yay gecələrində hər günün axırı
günəş uşaqlığımızdakı rənginə qayıtmalı
dənizlər həmişəkindən daha mavi olmalı
silahımızdakı son gülləni də
dostumuzun toyunda havaya sıxmalıyıq.