Logo

Riyaziyyat və Mexanika İnstitutunda elmi sessiya keçirilib - FOTO

28.09.2023 22:19 209 baxış
IMG

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 95 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Öncə canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bildirilib ki, üç il öncə Azərbaycan ordusu Ermənistanın işğalçı siyasətinə və cəbhəboyu hərbi təxribatlarına cavab olaraq sürətli əks-hücum əməliyyatına start verib. Beləliklə, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli ordumuz torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başlayıb. Rəşadətli Azərbaycan ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizləyib.

Tədbiri açan Riyaziyyat və Mexanika İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov elmi sessiya iştrakçılarını salamlayaraq bildirib ki, akademik Azad Mirzəcanzadə tətbiqi mexanika və neft-mədən işləri üzrə bir sıra yeni istiqamətlərin banisidir. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. Qeyd edib ki, Azad Mirzəcanzadə 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun neft sənayesi fakültəsini bitirmişdir. 1948-ci ildə əmək fəaliyyətinə baş laborant kimi başlayan alim müasir dövrün ən görkəmli neft alimi, Azərbaycan EA-nın akademiki, Nazirlər Kabineti nəzdində Elm və Texnika Komitəsinin sədri vəzifəsinə qədər yüksəlmişdir. Alimin zəngin elmi irsə malik neft-qaz sənayesinin aktual problemlərinin həllinə dair çox sayda qiymətli tədqiqatları ilə Azərbaycan elminə mühüm nailiyyətlər qazandırdığını, onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft və qaz-kondensat yataqlarının işlənilməsinin fundamental-nəzəri əhəmiyyətli metodlarının hazırlanıb tətbiq edildiyini diqqətə çatdırıb. A.Mirzəcanzadənin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, eləcə də 50-dən çox ixtira və patentin müəllifi olduğunu söyləyən akademik vurğulayıb ki, görkəmli alimin rəhbərliyi ilə 300-dən çox fəlsəfə doktoru, 120 elmlər doktoru hazırlanıb.

A.Mirzəcanzadənin həm də elmin təşkili və idarə olunması prosesində fəal iştirak etdiyini deyən professor M.Mərdanov bildirib ki, o, Azərbaycan elminin dünyaya inteqrasiyası üçün bilik və bacarığını əsirgəməyib. Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirmişdir. Onlar Azərbaycanın, Rusiyanın, Özbəkistanın, Tatarstanın, Türkmənistanın, Ukraynanın, Əfqanıstanın, Almaniyanın, Bolqarıstanın, Suriyanın, Misirin, Əlcəzairin, Koreyanın, Vyetnamın, İordaniyanın, Yəmənin, Sudanın və digər ölkələrin elm və təhsil müəssisələrində yüksəkixtisaslı kadrlar kimi müəllimlərinin elmi irsini uğurla davam etdirirlər. A.Mirzəcanzadə uğurlu elmi fəaliyyətinə görə müxtəlif illərdə bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb.

Elmi sessiyada çıxış edən tibb elmləri doktoru, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, Amerika Birləşmiş Ştatları Puerto-Riko Universitetinin professoru Səbzəli Cavadov, AMEA-nın müxbir üzvü Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, professor Qeylani Pənahov, Urfa Dövlət Texnika və Neft Universitetinin “Neftqaz yataqlarının işlənməsi və istismarı” kafedrasının müəllimi professor, Mübariz Vəliyev, BDU-nun “Biofizika və biokimya” kafedrasının müdiri f-r.e.d. Rövşən Xəlilov, Mərkəzi Seçki Komissiyanın üzvü hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov, ADNSU professoru, t.e.d. Rakiz Səttərov çıxış edərək alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən və onunla bağlı xatirələrindən danışıblar.

Qeyd edək ki, Azad Xəlil oğlu Mirzəcanzadə 29 sentyabr 1928-ci ildə Bakıda anadan olub, 15 yaşında orta məktəbi bitirib.23 yaşında namizədlik, 29 yaşında isə doktorluq dissertasiyasını müdafiə edib. 1962-ci ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilib. Bir çox fəxri mükafatlara, medallara, həmçinin Azərbaycan Respublikasının “İstiqlal” və “Şöhrət” ordenlərinə layiq görülüb. Neft-qaz yataqlarının mexanikası, texnikası, texnologiyası və işlənməsi sahəsində fundamental elmin və bu sahədə mütəxəssislər hazırlanmasının əsasını qoymuş akademik A.Mirzəcanzadənin elmi rəhbərliyi ilə dənizdə və qurudakı yataqlardan mürəkkəb geoloji və geofiziki şəraitdə neft və qaz çıxarılmasının və nəql edilməsinin metodları işlənib hazırlanıb. Eyni zamanda sinergetik prinsiplər əsasında neft yataqlarının işlənməsi və boru kəməri nəqlinin sistemli təhlili üzrə elmi işlərin nəticələri Azərbaycanla yanaşı - Tümen, Tatarıstan, Başqırdıstan və Qazaxıstanda tətbiq edilib.

Azad Mirzəcanzadə 2006-cı il iyulun 17-də ömrünün 78-ci ilində vəfat etmiş, I Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanın elmi ictimaiyyəti dünya şöhrətli alim, unudulmaz şəxsiyyət Azad Mirzəcanzadənin xatirəsini daim dərin hörmətlə anır.

Xəbər lenti