AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.
İclası açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev əvvəlcə 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra qanunsuz erməni silahlı birləşmələrinin təslim olmasından, bölgədəki son vəziyyətdən danışıb.
Daha sonra akademik iştirakçıları iclasın gündəliyinə çıxarılan məsələlərlə tanış edib.
Bölmənin aparatının Təchizat və xidmət şöbəsinin baş mütəxəssisi İlham Cəfərov çıxış edərək 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti barədə məlumat verib. İ.Cəfərov bildirib ki, bölmənin nəzdindəki inzibati binaların qaz, su, işıq və istilik sistemlərinə texniki baxış keçirilib, bəzi təmir işləri aparılıb, yarana biləcək nöqsanların qarşısını almaq məqsədilə ehtiyat tədbirləri görülüb.
İclasda bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin bazasında Beynəlxalq əlaqələr və Elektron xidmətlər şöbələrinin yaradılması, əməkdaşların ali təhsil müəssisələrində yarımştat və saat hesabı qaydada işləmələrinin normativləri, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda aparılmış yoxlamaların nəticələri ilə bağlı müzakirə aparılıb, müvafiq qərarlar qəbul olunub.
Rəyasət Heyəti, həmçinin gənc doktorant və dissertantların hesabatlarını dinləyib, onlara bəzi tövsiyələr verib.
İclasın növbəti hissəsi kadr məsələlərini əhatə edib. Belə ki, Rəyasət Heyətinin qərarına əsasən, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev AMEA-nın Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutuna icraçı direktor, İlham Cəfərov isə Təchizat və xidmət şöbəsinə müdir təyin edilib.
İclasa gündəlikdəki cari məsələlərin müzakirəsindən sonra yekun vurulub.