Dünyada tanınmış fizik, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin məzunu, Meksika Milli Muxtar Universitetinin professoru, Əməkdar elm xadimi Natiq Atakişiyev BDU-nun Fizika fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün seminar keçirib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, seminarda BDU rektoru Elçin Babayev professor Natiq Atakişiyevin həyatı və elmi yaradıcılığı haqqında məlumat verib, onun Azərbaycan elminin dünyada təbliğindəki xidmətlərini vurğulayıb.
Tanınmış alim N.Atakişiyev “Cəmiyyətin inkişafında elmin rolu” mövzusunda mühazirə deyib. O, keçdiyi həyat yolundan, qarşılaşdığı çətinliklər və onların öhdəsindən necə gəlməyindən, elmin cəmiyyətin inkişafındakı rolundan danışıb. Elmin ənənələr hesabına inkişaf etdiyini bildirən mühazirəçi bilik alan şəxsin həmin bilikləri gələcək nəsillərə ötürməli olduğunu vurğulayıb.
N.Atakişiyev insanın daim həyatda yerini axtarmalı olduğunu, özünün də bu yolla getdiyini bildirib. O, əlaqələrin intensivləşdiyi müasir dünyada şəxsi inkişaf üçün bir neçə xarici dil bilməyin, universitetdə təhsil aldıqları müddətdən səmərəli istifadə etməyin, təhsil aldıqları sahəni dərindən mənimsəməyin zəruriliyini tələbələrin diqqətinə çatdırıb.
Natiq Atakişiyev tələbələrə Yuval Noah Hararinin ”Bəşəriyyətin qısa tarixi” (“A brief history of Humankind Sappiens”) kitabını oxumağı tövsiyə edib. O bildirib ki, həmin kitabda insan psixologiyasının inkişaf mərhələləri, şüurun necə formalaşması öz əksini tapıb.
Sonra suallar cavablandırılıb.