Logo

BDU-da elmi seminar: "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum"

01.10.2023 11:42 327 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum" mövzusunda elmi seminarı keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova tədbir iştirakçılarına elmi seminarın mövzusunun aktuallığı, xüsusən də Qərbi Azərbaycanın ərazisi, toponimləri, tarixi abidələri, əhalisi, demoqrafik vəziyyəti və s. kimi məsələlərin öyrənilməsinin əhəmiyyəti haqqında məlumat verib.

Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri Mehman Abdullayev bildirib ki, Tarix fakültəsi  ilə Qərbi Azərbaycan İcması “Yurd yerlərimizə sahib çıxaq” adlı birgə elmi layihə hazırlayıb. Bu layihədə İrəvan bölgəsinin daxil olduğu Qərbi Azərbaycanın tarixinin daha dərindən araşdırılması və tədqiq edilməsi nəzərdə tutulub. Bu baxımdan Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Bəymirzə Şabiyevin  "XVI-XVIII əsrin birinci yarısında Azərbaycanın İrəvan vilayətində demoqrafik durum" adlı mövzusu çox böyük elmi aktuallıq kəsb edir.

Mövzu ilə bağlı geniş məruzə edən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Bəymirzə Şabiyev bildirib ki, bölgənin demoqrafik durumu dövrün fars, türk, erməni salnamələri, səyyah gündəliklərindəki məlumatlar, xüsusilə də 1590, 1727, 1728-ci illərə aid Osmanlı müfəssəl dəftərləri əsasında nəzərdən keçirilib, araşdırma nəticəsində bölgə əhalisinin mütləq əksəriyyətinin türk-müsəlman, az bir hissəsinin isə xristianlardan ibarət olması müəyyən edilib.

Elmi seminarda 1590 və 1724-cü il Osmanlı siyahıyaalma materialları əsasında Azərbaycanın İrəvan bölgəsində yaşayan əhalinin sayı, etnik tərkibi, ayrı-ayrı mahal və şəhərlər üzrə yerləşməsi vəziyyəti sxem və cədvəllərlə iştirakçılara təqdim edilib.

Xəbər lenti