İqlim dəyişikliyinin əsas səbəbi Yer kürəsindəki dinamik proseslər, Günəş radiasiyasının intensivliyinin dəyişməsi və s. kimi xarici təsirlərlə yanaşı insanın düzgün olmayan fəaliyyətidir. Günəşdə baş verən dəyişikliklər nəticəsində qlobal istiləşmə problemi yaranır. Mütəxəssislərin böyük əksəriyyəti iqlim dəyişikliyinin baş vermə səbəbinin insan fəaliyyəti ilə əlaqəli olması qənaətindədirlər.
Tehsil.biz xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, Əlövsət Əliyev şöbənin əməkdaşı Südabə Abasova ilə birlikdə hazırlanmış “İqlim dəyişikliyi problemlərinin həllində İKT-nin tətbiqinin konseptual əsasları” adlı məruzənin müzakirəsinə həsr olunan elmi seminarda məlumat verib.
Əvvəlcə mövzuya dair çıxış edən dosent Əlövsət Əliyev iqlim dəyişikliyi səbəbindən cəmiyyətin üzləşdiyi problemlərdən bəhs edərək bildirib ki, bütün dağıdıcı daşqınlar, güclü zəlzələlər, istilik dalğaları, şiddətli quraqlıqlar, nəhəng fırtınalar və iqlim dəyişikliyinə ən çox səbəb olan emissiyalar bu problemlərə aiddir. Bu çirklənmənin böyük hissəsi, yalnız bir neçə ölkənin, xüsusilə də ABŞ və Çinin payına düşür.
Şöbə müdiri iqlim dəyişikliyi və onun dağıdıcı təsirləri ilə mübarizə aparılmasının, təcili tədbirlərin görülməsinin son dərəcə vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədləri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və Paris Sazişi, həmçinin BMT-nin İqlim Dəyişikliyi Konfransları və s. bir çox iqlim dəyişikliyi həlləri həyatın yaxşılaşdırılmasında və ətraf mühitin qorunmasında iqtisadi fayda verə bilər.
Ə.Əliyev iqlim dəyişikliyini yaradan amillər, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizənin məqsədi, cəmiyyətin üzləşdiyi problemlər, həmin problemlərin həllində qlobal çağırışlar və İKT-nin tətbiqi məsələləri və s. haqqında qısa məlumat vermişdir.
Sonra məruzəni davam etdirən Südabə Abasova iqlim dəyişikliyi problemlərinin həllində İKT-nin tətbiqi məsələlərindən söz açıb. Bildirib ki, İKT iqlim dəyişikliyi haqqında məlumatlılığın artırılmasında, insanlara onun təsirini azaltmağın yollarını öyrətməkdə, eləcə də onun təsirlərinə uyğunlaşmaq üçün insan resurslarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.
S.Abasova İKT-nin iqlim dəyişikliyinə təsir edən əsas istiqamətlərini nəzərə çatdırıb: “Bu istiqamətlərə daha effektiv avadanlıq və şəbəkələr tətbiq etməklə İKT sektorunun özündə emissiyaların azaldılması, digər sahələrdə enerji səmərəliliyinin təmin edilməsi yolları, bütün dünyada İKT əsaslı hava və ətraf mühitin monitorinqi sistemlərinin tətbiqi, inkişaf etmiş və etməkdə olan ölkələrə iqlim dəyişikliyinin mənfi təsirlərinə uyğunlaşma və s. daxildir”.
Daha sonra məruzəçi ətraf mühit və iqlim dəyişiklikləri haqqında məlumatların monitorinqi üçün istifadə olunan İKT əsaslı sistemlərdən bəhs edib. Söyləyib ki, bu vasitələrin tətbiqi fermerlərə məhsuldarlığı və istehsalı daha dəqiq proqnozlaşdırmağa imkan verəcək.
O, ərzaq təhlükəsizliyi və su təchizatında, həmçinin tullantıların idarə edilməsində İKT-nin tətbiqi, eləcə də iqlim dəyişikliyi problemlərinin həllində rəqəmsal texnologiyalarla bağlı məlumat verib. Məruzəçinin sözlərinə görə, belə texnologiyalardan biri də “Rəqəmsal əkiz” (Digital Twin) hesab olunur: “Rəqəmsal əkiz” ətraf mühitin dinamik rəqəmsal modelini yaratmaq üçün sensorlar, şəkillər və digər mənbələrdən alınan məlumatların birləşməsindən istifadə edir. Bu model cari iqlim şəraitini izləməyə, həmçinin iqlim şəraitinin ətraf mühitə necə təsir edəcəyini proqnozlaşdırmağa kömək edə bilər. Rəqəmsal əkizlər dünya şəhərlərinin iqlim dəyişikliyinin təsirləri ilə mübarizədə, onun təsirlərini azaltmaq və onlara uyğunlaşmaq üçün güclü bir vasitə kimi böyük rola malikdir”.
Sonda i.e.d. Ə.Əliyev çıxış edərək qeyd edib ki, inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi problemlərinin həllində müasir İKT texnologiyalarının tətbiqini sürətləndirmək, rəqəmsal texnologiyaları tətbiq etməklə problemi həll etmək məqsədilə bu sahədə mövcud olan beynəlxalq təcrübə öyrənilməli və həyata keçirilməlidir: “Qlobal iqlim böhranının qarşısını almaq üçün bütün dünyada insanlar müvafiq işlərin yerinə yetirilməsində aktiv fəaliyyət göstərməli, ətraf-mühitin təsirlərinin qiymətləndirilməsində müasir metodlar tətbiq olunmalı, Sənaye 4.0 platformasının komponentləri iqlim dəyişikliyi problemlərinin həllində tətbiq olunmalıdır”.
Seminarda mövzu üzrə ətraflı müzakirələr aparılıb və müxtəlif suallar cavablandırılıb.