Logo

Kolleclərin boş qalan yerlərinə qəbul olmaq üçün qeydiyyat başa çatır

02.10.2023 11:28 231 baxış
IMG

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə sentyabrın 29-dan başlanan ixtisas seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, ixtisas seçimi oktyabrın 2-si saat 23:59-dək internet vasitəsilə aparılır. Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu qeyd edə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Bu gün saat 10:40-dək olan məlumata görə, 1065 (Azərbaycan bölməsi – 1053, rus bölməsi – 12) abituriyent ixtisas seçimi edib.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili (rus dili) və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılır. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar. “Rəqs müəllimliyi” ixtisasının müsabiqəsində isə qəbul (buraxılış) imtahanında topladıqları ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunub.

Xəbər lenti