Eşqi Bağırov Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunub.
Tehsil.biz xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Eşqi Bağırov Elm və Təhsil Nazirliyində əmək fəaliyyətinə 2014-cü ildən İnsan resursları şöbəsinin məsləhətçisi kimi başlayıb.
Eşqi Bağırov 2016-2017-ci illərdə həmin şöbədə sektor müdiri, müdir müavini vəzifələrində, 2018-ci ildən isə şöbə müdiri vəzifəsində çalışıb. 2022-ci ildən nazirliyin Aparat rəhbərinin müavini səlahiyyətlərinin icrası ona həvalə edilib.
Eşqi Bağırov 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavriat, 2019-2021-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura təhsili alıb.
Hazırda ADA Universitetində dövlət idarəetməsi ixtisası üzrə təkrar magistratura təhsili alır.