Oktyabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən şahmat üzrə Avropa çempionatında uğurlu nəticə göstərmiş idmançılarla görüşüb.
Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, Emin Əmrullayev çıxışında ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən danışıb və çempionatda uğur qazanan idmançıları – 4 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülən Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov, Ayan Allahverdiyeva, Səadət Bəşirli və Xəzər Babazadəni təbrik edib.
Görüşdə iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov şahmatçıların əldə etdikləri bu nailiyyətlərin davamlı olacağına əminliyini bildirib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, 47 ölkə, 928 şahmatçının iştirak etdiyi turnirdə Azərbaycanı təmsil edən 44 şahmatçıdan 39-u Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları olub. Ümumilikdə qazanılan 7 medaldan 6-sı bu məktəblərin şahmatçıları tərəfindən əldə edilib.