Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şücaət göstərərək əlil olan və hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işlə təmin olunan xüsusi təyinatlı qüvvələrin bir qrup hərbi qulluqçusu ali və orta ixtisas təhsili müəssiələrinə qəbul imtahanlarına hazırlaşmaqda kömək göstərilməsi üçün ötən tədris ilinin əvvəllərində Dövlət İmtahan Mərkəzinə müraciət etmişdir. Müxtəlif əlillik dərəcəsinə malik olan qazilərə Dövlət İmtahan Mərkəzinin YAŞAT Fondu ilə əməkdaşlığı çərçivəsində gələcək təhsil və karyera istiqamətində irəliləmələri üçün dəstək göstərilməsi təmin edilmişdir.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.
Builki qəbul imtahanlarına hazırlaşan qazilərə Dövlət İmtahan Mərkəzi tərəfindən siniflər üzrə qiymətləndirmə vəsaitləri, test topluları hədiyyə edilmiş və onların müxtəlif növ sınaq imtahanlarında ödənişsiz iştirakına şərait yaradılmışdır.
Son bir il ərzində qazilər həmçinin “Kainat-HM” MMC-də ödənişsiz əsaslarla hazırlıq kurslarına cəlb olunmuşdur. Nəticədə onlar müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmağa müvəffəq olmuşlar.
3 oktyabr 2023-cü il tarixində Kainat Tədris Mərkəzində Dövlət İmtahan Mərkəzinin məsul şəxsləri, hazırlıq kursunun rəhbərliyi ilə tələbə adını qazanmış qazilərlə görüş keçirilib və onlar qəbul imtahanlarındakı uğurlu nəticələrinə görə təltif olunublar.