Oktyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bu təhsil müəssisəsində uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyət göstərən və hazırda təqaüddə olan qocaman müəllimlərlə görüş keçirilib.
Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.
Səmimi söhbət şəraitində keçən görüşdə rektor Cəfər Cəfərov qeyd edib ki, bir əsrdən artıq tarixə malik olan Pedaqoji Universitet bu günlərə məhz fədakar müəllimlərin sayəsində yetişib və vaxtilə ADPU ailəsinin üzvü olan, universitetin inkişafına töhfələr verən hər bir müəllimimiz bizim üçün olduqca dəyərlidir.
Qeyd olunub ki, universitet özünün “Ənənələrə sadiq, yeniliklərə açıq” şüarına uyğun olaraq, aparılan sürətli yenilənməklə yanaşı, daim qocaman alimləri diqqət mərkəzində saxlayır, onlarla mütəmadi görüşlər təşkil olunur, müxtəlif tədbirlərə dəvət olunurlar.
Görüşdə qocaman müəllimlər ADPU-da çalışdıqları uzun illər haqqında təəssüratlarını bölüşərək, Pedaqoji Universitetin hər zaman onlara doğma bir ocaq olduğunu vurğulayıb, universitetlə daimi əlaqə saxladıqlarını qeyd ediblər.
Sonda ADPU rəhbərliyi adından universitetdə uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətlərinə görə qocaman müəllimlərə təşəkkürnamələr və hədiyyələr təqdim olunub.