Sentyabrın 14-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elan üzrə 11 dövlət orqanında mövcud olan 58 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, ən yüksək müsabiqə vəziyyəti Maliyyə Nazirliyi, İqtisadi sahələrin maliyyəsi şöbəsi, Kommunikasiya və xidmət sahələrinin maliyyəsi sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 12 namizəd) vəzifəsi üzrə yaranıb.
Müsahibələrin oktyabrın 10-dan 25-dək olan dövrdə keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.