Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 8-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, imtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 865 nəfər müraciət edib.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmır.
Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:
- şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);
- imtahana buraxılış vərəqəsi.
İmtahan 3 saat davam edir və namizədə seçdiyi peşəkar mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.
Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçıları kitabça ilə mütləq tanış olmalıdırlar.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 4 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 4 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 74 nəzarətçi müəllim, 11 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.