Məlum olduğu kimi, cari ildə Bakı Slavyan Universitetinin Bolqarıstanın Müqəddəs Klimen Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin 10 illiyi tamam olur.
AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, bununla əlaqədar olaraq, oktyabrın 6-da Sofiya Universitetində Klassik və yeni filologiya fakültəsi, Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, həmçinin Türkologiya və altayşünaslıq kafedrası tərəfindən “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” mövzusunda beynəlxalq konfrans keçirilir.
Konfransda AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva da iştirak edir. Tarixçi alim konfransda “Şəki – Ossika. Qafqaz Albaniyasının Antik şəhəri” mövzusunda məruzə və təqdimatla çıxış edib. Azərbaycanlı alimin məruzəsi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və suallar cavablandırılıb.
Qeyd edək ki, konfrans öz işini oktyabrın 7-də başa vuracaq.