Oktyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimləri və tanınmış idmançılardan ibarət heyət Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbə səfər edib.
Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, məktəbin pedaqoji kollektivi və şagirdləri ilə keçirilən görüşdə ərazilərimizin düşmən əsarətindən azad edilməsi, həmçinin əhalinin qayıdışı, burada təhsilin bərpa olunmasının tarixi hadisə olduğu qeyd edilib, gənc nəslin fiziki, mənəvi cəhətdən inkişafı, onların sağlamlığının təminatı, vətənin müdafiəsinə hazır olmalarında idman və bədən tərbiyəsinin əhəmiyyətindən danışılıb.
Tədbirdə çıxış edən təhsil işçiləri və idman sahəsində yüksək nəticə qazanan idmançılar məktəblilərə uğur hekayələrindən danışıb, onları maraqlandıran sualları cavablandırıblar.
Daha sonra Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə basketbol, futbol, badminton idman növləri üzrə yarışlar keçirilib. Sonda isə qaliblərə mükafatlar təqdim olunub.
Səfər çərçivəsində həmçinin məktəbdə təhsil alan şagirdlərə idman ləvazimatları, geyimlər təqdim edilib, eləcə də təhsil müəssisəsinə xatirə hədiyyələri verilib.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və vətənpərvərlik ruhunun yüksəldilməsi olub.