Bakı Ali Neft Məktəbində (BANM) SOCAR-ın dəstəyi, Ali Məktəbin təşkilatçılığı ilə “Dayanıqlı gələcək üçün dayanıqlı enerji” mövzusunda beynəlxalq proqram keçirilib.
Tehsil.biz xəbər verir ki, proqramda Çinin müxtəlif universitetlərindən 17 tələbə, BANM-də təhsil alan çinli tələbələr, Sumqayıt Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin 2 tələbəsi, həmçinin Türkiyənin TPAO şirkətinin 2 əməkdaşı iştirak edib.
Proqramın açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu proqramın onlar üçün faydalı olacağına, səmərəli vaxt keçirəcəklərinə və yeni biliklər əldə edəcəklərinə əminliyini bildirib. Rektor Bakı Ali Neft Məktəbinin Çin universitetləri və şirkəti ilə əməkdaşlığına da toxunaraq xatırladıb ki, Çin Neft Universiteti ilə Anlaşma Memorandumu imzalanıb, BANM-in məzunları burada təhsil alırlar, hər iki universitetə qarşılıqlı səfərlər həyata keçirilib, həmçinin BANM “Huawei” şirkətinin Azərbaycandakı sosial layihələrində mühüm yer tutur. Elmar Qasımov Çinlə ilk dəfə mühəndislik sahəsində həyata keçirilən bu beynəlxalq proqramın əlaqələrin daha da inkişafı, eyni zamanda Çinin digər universitetləri ilə əlaqələrin yaranması, BANM-də təhsil alan çinli tələbələrin sayının artmasına dəstək olacağını vurğulayıb.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı Səfirliyinin siyasi şöbəsinin müdiri xanım Xu Qing iştirakçılara uğurlar arzulayıb və bu beynəlxalq proqramın əhəmiyyətinə toxunaraq bildirib ki, pandemiyadan sonra çinli tələbələrin Bakıya ilk səfəridir.
Çin Neft Universitetinin Beynəlxalq əlaqələr ofisinin müdir müavini Li Lingyun çıxışında zəngin və faydalı proqram hazırlandığını bildirib.
Qeyd edək ki, dördgünlük proqram iştirakçıları, həmçinin “Caspian İnnovation Center”də olublar. Proqram çərçivəsində Azərbaycanın zəngin irsi, mədəniyyətini tanıtmaq üçün tarixi məkanlara, Bakının görməli yerlərinə gəzintilər də təşkil edilib.






