AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Tbilisi Regional Ofisinin rəhbəri Gebhard Reul və ofisin Azərbaycan üzrə təhsil və təqaüd proqramları koordinatoru Sevər Qarayeva ilə görüşüb.
Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.
Bildirilib ki, akademik Arif Həşimov AMEA-nın elmi müəssisələri ilə Almaniyanın müxtəlif təşkilatları arasında geniş əməkdaşlıq əlaqələrinin olduğunu söyləyib, bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra Gebhard Reul təmsil etdiyi qurumun fəaliyyət istiqamətlərindən, DAAD proqramlarının tələbə və tədqiqatçılar üçün yaratdığı fürsətlərdən, eləcə də təqaüd proqramlarının üstünlüklərindən bəhs edib. O, ötən il müvafiq qurumların nümayəndələrinin iştirakı ilə DAAD-ın Tbilisi Regional Ofisinin açıldığını diqqətə çatdırıb. Gebhard Reul Qafqaz ölkələri ilə əlaqələrin genişləndirilməsində, bu ölkələrin tarixi və mədəniyyətinin öyrənilməsində Tbilisi Regional Ofisinin rolundan danışıb.
DAAD təqaüd proqramlarının azərbaycanlı tələbə, alim və mütəxəssislərin mübadiləsini dəstəkləmək baxımından önəmini qeyd edən qonaq DAAD-ın 1990-cı illərdən etibarən Azərbaycanda aktiv fəaliyyət göstərdiyini bildirib.
Görüşdə Alman Akademik Mübadilə Xidmətinin təsis etdiyi təqaüdlər, alim və mütəxəssislər üçün Almaniyada yaradılan tədqiqat imkanları, eləcə də AMEA-da elm və texnologiya, sosioloji elmlər üzrə təlimlərin təşkili kimi məsələlər ətrafında müzakirələr aparılıb. Həmçinin tədqiqatçılara proqramlar və müraciət qaydaları haqqında ətraflı məlumatın verilməsi üçün almaniyalı ekspertlər tərəfindən AMEA-da təlimlərin keçirilməsinə dair razılıq əldə olunub.