Logo

Qadın dini ayinlərin icraçılarına yönəlik maarifləndirici tədbirlərə start verilib

10.10.2023 17:06 202 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən qadın dini ayinlərin icraçılarına yönəlik maarifləndirici tədbirlərə start verilib.

Tehsil.biz xəbər verir ki, "İnsan həyatında təhsilin rolu" mövzusunda ilk maarifləndirici onlayn görüş Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçılarının iştirakı ilə oktyabr ayının 5-də baş tutub.

Tədbirdə məqsəd təhsilin cəmiyyətin inkişafında, insanların rifahının yüksəldilməsində, sağlam gələcəyin qurulmasında mühüm rolunu nəzərə alaraq, gənclərimizin, xüsusilə qızların təhsilli olmaları, eyni zamanda qız uşaqlarının təhsildən yayındırılması və erkən nikah kimi problemlərin qarşısının alınması istiqamətində qadın dini ayinlərin icraçılarına tövsiyə və təlimatların verilməsi olub.

Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova tədbirin əhəmiyyətindən danışıb və bu qəbildən görüşlərin silsilə xarakterli olacağını bildirib. Tədbirdə təhsilin insana qazandırdığı bilik və bacarıqlardan, xurafatla mübarizədə təhsilin gücündən, qadın dini ayinlərin icraçılarının bu istiqamətdə görə biləcəyi işlərdən bəhs edilib. Qeyd olunub ki, dini icmalar, xüsusilə qadın dini ayinlərin icraçıları istər məscidlərdə, istər məsciddən kənar keçirilən mərasimlərdə, görüşlərdə, söhbətlərdə təhsilin əhəmiyyəti, qız uşaqlarının təhsilinin vacibliyi və erkən nikah hallarının qarşısının alınmasında, xurafatla mübarizədə geniş təbliğat işi apara bilərlər.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İradə Tağıyeva da mövzunun aktuallığına toxunaraq, təhsilin əhəmiyyəti, prinsipləri, faydaları və qadın dini ayinlərin icraçılarının bu mövzu ətrafında maarifləndirici söhbətlər aparmalarının zəruriliyini vurğulayıb. Həmçinin İslamda təhsil hüququ və qadının təhsilinə verilən önəmdən bəhs edib.

Gələcəkdə xurafatla mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği kimi mövzularla bağlı söhbətlərin planlaşdırıldığı diqqətə çatdırılıb.

Məruzələrdən sonra görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Xəbər lenti