Logo

XİN-də diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb

12.10.2023 16:00 353 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən 23 sentyabr 2023-cü il tarixində Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün xarici dil biliyinin “Dinləyib-anlama”, “Oxuyub-anlama”, həmçinin xarici dil və Azərbaycan dillərində analitik yazı bacarıqlarının yoxlanılması hissəsi, sentyabrın 24-də isə danışıq bloku üzrə imtahan keçirilib.

Tehsil.biz xəbər verir ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.

Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, imtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50%-dən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40%-dən yuxarı) nəticə göstərən 140 namizəd buraxılmışdır.

Xarici dil imtahanının hər iki hissəsində 137 nəfər iştirak edib.

Xarici dil fənni üzrə imtahanın balı həm hər bir bacarıq (“Dinləyib-anlama”, “Oxuyub-anlama”, “Yazı” və “Danışıq”) üzrə ayrılıqda, həm də ümumi imtahan üzrə hesablanır. Bacarıqlar üzrə ballar hesablanarkən, toplanmış xam ballar əmsallara vurulur və toplanır. İmtahan üzrə toplanıla bilən maksimal bal 60-dır.

Azərbaycan dilində “Esse” yazısı üzrə toplanıla bilən maksimal bal 60-dır.

Aşağıdakı cədvəldə imtahanın komponentləri, toplana bilinən xam bal, maksimum bal və balların hesablanması göstərilmişdir:

  II mərhələ  
Komponentlər Tapşırıqların sayı Xam bal Əmsal Toplana bilən
maksimal bal*
Minimal tələb
Xarici dil - Dinləyib-anlama 10 10 1 10 2
Xarici dil - Oxuyub-anlama 20 20 1 20 4
Xarici dil - Esse 250-300 sözlük esse 10 2 20 4
Xarici dil - Danışıq 3 10 1 10 2
Xarici dil üzrə - Cəmi   60 36
Azərbaycan dili - Esse 250-300 sözlük esse 10 6 60 30
II mərhələ üzrə Cəmi   120 ---
*II mərhələ üzrə ballar hesablanarkən xam ballar əmsallara vurulur.
             
             

Azərbaycan dilində icra olunan esse tapşırığından 50% (30 bal) və xarici dilin bütün komponentləri üzrə cəmi 60% (36 bal), hər bir komponenti üzrə 20%-dən (“dinləyib-anlama” və “danışıq” bacarığnın hər biri üçün 2 bal, “oxuyub-anlama” və “yazı” bacarığnın hər biri üçün 4 bal) az olmayaraq nəticə göstərən namizədlər yazılı imtahanın ikinci mərhələsindən müvəffəqiyyətlə keçmiş hesab olunurlar.

Yazılı imtahanın hər iki mərhələsindən müvəffəqiyyətlə keçmiş və müsahibə mərhələsinə buraxılan iştirakçıların sayı 95 nəfər olub. Hər iki mərhələ üzrə ümumi balın hesablanması imtahanın 1-ci mərhələsi üzrə (maksimum 120 bal), imtahanın 2-ci mərhələsinin “Xarici dil fənni” üzrə (maksimum 60 bal) və Azərbaycan dili üzrə “esse” yazısı üzrə toplanan (maksimum 60 bal) balların cəmlənməsi yolu ilə aparılır.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 18 oktyabr 2023-cü il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 oktyabr saat 10:00-dan 15 oktyabr saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Xəbər lenti