Əslində yazıma necə, hansı kəlimələrlə başlayacağımı seçməkdə çətinlik çəkirəm. 10 gündən çoxdur ordumuzun ardıcıl olaraq qazandığı uğurlar və bu uğurların davamlı olmasının yaratdığı əks-səda düşmən tapdağında inləyən torpaqlarımızın tutulmuş qulaqları açdı. Ona sahib çıxacaq oğullarının həmləsini gözləyən, murdar nəfəsdən tıncıxmış, cana doymuş, can üstə olan torpaqlarımızın üzünün nisgil pərdəsi çəkildi. Məcburi köçkün ailəsinin üzvü olaraq özümə dərd etdiyim gündən qəlbimin ən dərinliklərinə qədər hiss etdiyim torpaq həsrəti, Vətən nisgilin, ailəmin və yaxınlarımın xatirələrindən eşitdiyim və həsrətini çəkdiyimiz ata yurdumun Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz tərəfindən uğurlu əməliyyatlar nəticəsində azad olunması məni və ailəmi sevinc göz yaşlarına boğdu. Sanki, 20 illik həyatımda sözün əsl mənasında yaşadığımı hiss etdim. Vətənimizin hər qarışı bizə əziz və doğmadır. Cəbrayıl rayonu sakinlərinin təqviminə isə daha bir əlamətdar gün, bayram əlavə olundu - 4 oktyabr. 27 illik həsrətimizə son qoyuldu. Cəbrayıl şəhəri və bir neçə kəndi 27 ildən sonra yağı düşmən tapdağından azad edildi. İlk dəfə sözün əsl mənasında "sevinc göz yaşları"nın nə demək olduğunu anladım. İnanıram ki, bu qələbə xəbəri axırıncı yox, axarıncı olacaq. Son günlərdə ordumuzun uğurlu əməliyyatlar nəticəsində xalqımızın keçirdiyi hissləri inanmıram ki, elə bir söz və ya ifadə tapıla, dünyanın ən zəngin dillərinin leksikası belə söz və cümlələr ilə ifadə etməyə bəs etsin.
Doğrudur, müharibə itkisiz olmur. Vətənə vurulan yaralar, igid oğulların qanı ilə yoğrulan torpaqlar, durna qatarı kimi səf-səf düzülən şəhid məzarları ürəyimizi sızladan ağrılardır. Gələcək nəsillər əsl qəhrəmanlığı, igidliyi, yurdsevərliyi, torpağa, Vətənə bağlılığı, Vətən yolunda canından keçməyi oğullardan, şir ürəkli ərənlərdən öyrənəcəklər. Torpaqlarımız uğrunda canlarını fəda edən qəhrəman hərbçilərimizə, mülkü vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirik.
Azərbaycan xalqı, ordusu əzəli və əbədi torpaqlarımızı azad edəcək, ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, şəhidlərimizin qanını yerdə qoymayacaq, şəhidlərimizin ruhunu şad edəcəkdir. Azərbaycanın müzəffər ordusu işğal olunmuş torpaqlarımızı azad etməklə öz ali məqsədlərinə çatacaqdır. Vətən bizdən bu gün hünər və rəşadət gözləyir...
Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı ordumuz!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Rəhimzadə Fatma,
BDU-nun Filologiya fakültəsinin tələbəsi