Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, Günəş fəallığı orta səviyyədə olub. Günəş ləkələrinin sayı azalaraq 6 ləkə qrupunda 92 ləkə müşahidə edilir. Geomaqnit sahəsi qeyri-sabit və sakit səviyyələrdə olub. Geomaqnit qasırğası baş verməyib.
Oktyabrın 16-dan 22-dək C sinif alışmanın baş verməsi ehtimalı 80 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 20 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faiz təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin oktyabrın 18-də yüksəlməsi ehtimalı var. 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı proqnozlaşdırılır.
Günəş küləyinin müsbət qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri ilə oktyabrın 17-18-də artacağı gözlənilir. Geomaqnit sahəsinin də müsbət qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin təsirilə qeyri-sabit olacağı proqnozlaşdırılır.