Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Qazaxıstan Respublikasına səfərləri çərçivəsində Türkistan vilayətinin başçısı Darxan Satıbaldı ilə görüşüblər.
Fonddan "Tehsil.biz"ə bildirilib ki, görüşdə TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırım, Türkistan vilayətinin başçısının müavini Beisenbay Tajıbayev, Türkistan şəhərinin başçısı Nurbol Turaşbekov, Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin müşaviri Anar Hüseynzadə iştirak ediblər.
Görüşdə iki qardaş türk dövlətləri olan Azərbaycan ilə Qazaxıstanın hərtərəfli münasibətlərinin gündən-günə daha da möhkəmlənməsindən söz açılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra Qarabağın Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzinin inşa olunması ilə bağlı danışılıb.
Qeyd edilib ki, qədim tarixə, zəngin dəyərlərə sahib Şuşa şəhərinin işğaldan azad olunmasından sonra ilk qardaşlaşma münasibətləri Türkistan şəhəri ilə qurulub. İki şəhər arasında əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən başladılan böyük “Şuşa Günləri” layihəsi çərçivəsində şəhərin tarixi-mədəni irsinin növbəti dəfə Türkistanda nümayiş etdirilməsi yüksək qiymətləndirilib. Fondun ümumtürk irsinin qorunması və tanıdılması yönündəki çoxşaxəli fəaliyyətləri Türk dünyasında ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına önəmli töhfə kimi dəyərləndirilib.
Görüş tərəflər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin perspektivlərinə dair müzakirələrlə davam edib.