Dünyanın davamlı inkişafı üçün yeni nəsil təşəbbüskarların, biznes liderlərinin cəlb edilməsinə həsr olunmuş ən böyük beynəlxalq təşkilat olan “Enactus” Dünya Kuboku keçiriləcək.
Tehsil.biz xəbər verir ki, “Enactus” gələcək liderləri sahibkarlıq, innovasiya və iş prinsiplərinə cəlb etmək üçün 34 ölkədən 1700 şəhərdə 72 mindən çox tələbəni özündə cəmləşdirir. Layihənin prioritet istiqaməti sosial sahibkarlıq bacarıqlarının inkişaf edilməsinə yönəlib. Bu məqsədlə “Enactus” platformasının növbəti Dünya Kuboku 16-22 oktyabr tarixlərində Niderland Krallığının Utrext şəhərində təşkil ediləcək.
Dünya Kuboku uğrunda gedəcək mübarizədə müxtəlif ölkələri təmsil edən gənclər sosial sahibkarlıq üzrə biznes layihələrini təqdim edəcəklər.
Sözügedən tədbirdə Azərbaycanı təmsil etmək üçün Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası 16-22 oktyabr tarixlərində Niderland Krallığında olacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi, Gənclər Fondunun və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının həyata keçirdiyi “Enactus” proqramı dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında sosial əsaslı sahibkarlıq fəaliyyətinin təşviqində mühüm rol oynayır. Azərbaycan “Enactus” proqramına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.