Rusiya, Almaniya və İsraildən olan alimlər qrupu eramızın 79-cu ilində Vezuvi dağının püskürməsi nəticəsində yanmış qədim əlyazmanı deşifrə ediblər. Mütəxəssislər süni intellektin köməyi ilə Qədim Romanın tarixi və mədəniyyətinə işıq sala biləcək sənədin mətnini bərpa edə biliblər.
Tehsil.biz xəbər verir ki, alimlər Vezuvi Kodeksi kimi tanınan əlyazmanı deşifrə etmək üçün süni intellektdən faydalanıblar. Əlyazma yunan dilində həyat və ölüm haqqında fəlsəfi müzakirələrdən ibarət olub. Uzun müddət əlyazma tamamilə itmiş hesab olunurdu, lakin bu yaxınlarda elm adamları Vezuvi püskürməsindən sonra qalan daşlaşmış küldə əlyazmanı aşkar ediblər. Mətni bərpa etmək üçün süni intellektin onu oxuması prosesi davam edir.
Əvvəllər deşifrə edilmiş və nəşr edilmiş minlərlə qədim əlyazma üzərində təlim keçirilib. Bu üsul mətnin quruluşunu, yazı tərzini, hətta odla tam məhv olmayan bəzi sözləri müəyyən etməyə imkan verib.
Alimlərin fikrincə, əlyazmanın mətninin bərpası prosesi uzun və çətin olacaq. Bununla belə, onlar əmindirlər ki, gördükləri işlərin nəticələri uzaq dövrdə yaşayan insanların düşüncə tərzini və mədəni xüsusiyyətlərini daha yaxşı anlamağa kömək edəcəkdir.