Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində İrlandiyanın Kollec Kork Universitetinin Sosiologiya və kriminologiya kafedrasının professoru Amin Şərifinin ingilis dilində ustad dərsi təşkil olunub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Ustad dərsində professor A.Şərifi mədəniyyətin müxtəlif elementlərinin (dil, dəyərlər, ənənələr, din və s.) cəmiyyətin inkişafındakı rolunu izah edib. Bildirilib ki, dil və digər dəyərlər müxtəlif cəmiyyətlərin inteqrasiyasına və ya parçalanmasına yol aça bilər. Hazırda dünyada 7000-dən çox dil mövcud olsa da, Yer kürəsinin əhalisi onlardan yalnız 23-də danışır, 40 faizdən çox dil yox olmaq ərəfəsindədir. Dəyərlər və ənənələr cəmiyyətdə insanların birgəyaşayışının məhsulu olsa da, spesifikliyi və universallığı ilə fərqlənir. Hər bir fərdin, qrupun, cəmiyyətin, sivilizasiyanın öz dəyər və ənənələri var.
Mədəni qloballaşma, maddi və mənəvi mədəniyyətlər arasında fərqlər barədə məlumat verən alim cəmiyyətdəki normaların, əxlaq, davranış qaydalarının qorunub saxlanılmasının vacibliyini qeyd edib.
Professor A.Şərifi interaktiv formada keçirilən dərs zamanı tələbələrin suallarına cavab verməklə yanaşı, onları problem ətrafında müzakirələrə cəlb edib.
Sonra professor A.Şərifiyə Sosiologiya kafedrasının müəllimlərinin yazdığı dərsliklər hədiyyə olunub.