Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən şəxslər üçün elektron qeydiyyat və müsahibələr davam edir.
Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Müraciətlərin sayının çox olduğunu nəzərə alaraq elektron qeydiyyatın 20 oktyabrda yekunlaşdırılması nəzərdə tutulub.
Müsahibələr DİM-in Bakıda yerləşən inzibati binasında və regional bölmə mərkəzlərində DİM-in məsul əməkdaşları tərəfindən aparılır. Müsahibə mərhələsində namizədin tələblərə uyğunluğu yoxlanılır və onlar psixometrik test imtahanına cəlb edilirlər. Psixometrik test imtahanında namizədin idarəetmə lokusu, emosional sabitlik, liderlik və özünüidarəetmə keyfiyyətləri ölçülür. Müsahibə və psixometrik testin nəticəsi məqbul və ya qeyri-məqbulla qiymətləndirilir. Namizədlərin nəticələri ilə bağlı elektron poçt ünvanına bildiriş və mobil nömrələrinə sms göndərilir.
Müsahibəyə dəvət olunan namizədlərin 15 noyabr tarixinədək qeydiyyatdan keçməməsi zal nəzarətçilərinin fəaliyyətinin sertifikatlaşdırılması prosesində iştirakdan imtina etməsi kimi qiymətləndirilir.
Bildiririk ki, cari ildə zal nəzarətçisi sertifikatı əldə etmək üçün qeydiyyatdan keçən 3371 namizəddən 1760 nəfər müsahibələrə dəvət olunub və indiyədək onlardan 900 nəfəri müsahibə üçün qeydiyyatdan keçib. Bu mərhələdə iştirak edən namizədlərdən yalnız 753 nəfəri uğurlu nəticə əldə edərək növbəti mərhələdə iştirak etmək imkanı əldə edib.
Müsahibə mərhələsinin nəticəsi məqbul olan namizədlərin yaxın günlərdə elektron poçt ünvanına ümumi intellekt səviyyəsinin yoxlanılması üçün test imtahanına qeydiyyatla bağlı bildiriş və mobil nömrələrinə sms göndəriləcək.
Elektron qeydiyyat və digər mərhələlərlə bağlı suallarınız yaranarsa, [email protected] ünvanına müraciət edə, 0552071131 (vatsap aktivdir) mobil nömrəsinə yaza və ya DİM-in regional bölmələrinə müraciət edə bilərsiniz.
Zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması qaydaları ilə tanış olmaq üçün bu linkə daxil ola bilərsiniz.