Ötən tədris ilində Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində xarici ölkələrin 6 min 233 vətəndaşı təhsil alıb.
Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin yenicə çapdan çıxmış “Azərbaycanda təhsil, elm və mədəniyyət-2023” adlı məcmuəsində əks olunub.
Bildirilib ki, onların 705-i MDB ölkələrinin, 5 min 518-i isə digər ölkələrin payına düşür. Əcnəbi tələbələrin sırasında Türkiyə, Suriya, Pakistan, İran, İraq, Hindistan, Gürcüstan, Qazaxıstan, Rusiya və Çin vətəndaşları üstünlük təşkil edirlər.
Azərbaycanın dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində 2021-2022-ci tədris ilində 5 min 765 əcnəbi təhsil alıb. Bu rəqəm 2005/2006-cı tədris ilində isə 3 min 73 nəfər olub. Bu isə ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayının artdığını göstərir.
Rəsmi nəşrin 2022-2023-cü tədris ilinin əvvəlinə olan məlumatına görə, xarici ölkələrdə dövlət xətti ilə təhsil alan Azərbaycan vətəndaşlarının sayı 1004 nəfər təşkil edib. Onların 193-ü MDB-yə üzv olan ölkələrdə, 811-i isə digər ölkələrdə təhsil alır.