Tanınmış radiomenecer və kommunikasiya mütəxəssisi Azər Nəzərov Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin II kurs tələbələrinə ustad dərsi keçib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Ölkədə ilk internet radio - “Gənclərin səsi”nin təsisçisi olan A.Nəzərov tələbələrlə interaktiv ünsiyyət qurub, beynəlxalq təcrübə ilə yerli təcrübənin sintezi, onlayn radionun yaradılması barədə məlumat verib, yutub platformasında internet radionun yaradılması mərhələsini əyani olaraq göstərib.
Praktik məşğələlərlə davam edən görüşdə radio verilişi ssenarisi yazan 3 qrup fərqləndirilib. Radiomenecer Azər Nəzərovun tələbələrə həvəsləndirici təklifi də olub. Belə ki, onlayn radio yaradan və ilin sonuna qədər bu radioda redaksiya qanunlarına əməl etməklə efir verən 3 tələbəyə professional radio mikrafonu, diktafon və lisenziyalı radio proqramı veriləcək. A.Nəzərov qeyd edib ki, hər bir jurnalistin sosial platformalarda müəyyən məsələ üzrə radio verilişi hazırlaması üçün həvəs, aktual mövzu və səlis nitq kifayətdir.