Bu il mart ayından Tərtər rayonunun Talış kəndində, sentyabrın 15-dən Füzuli şəhərində məktəb zəngləri çalınır, şagird səsləri məktəb divarlarını yarıb küçələrə yayılır. Təhsil işğaldan azad olunan torpaqlara yenidən qayıdır.
Burada müəllimlik ikiqat məsuliyyətlidir
Talış kəndində təhsil həyatı mart ayından öz axarına düşüb.Tərtər rayonununda 144 yerlik Talış kənd tam orta məktəbi istifadəyə veriləndən tədris başlayıb. Rayonda 7 sinifdə 19 şagirdə 8 müəllim təhsil bələdçiliyi edir. Kəndin uşaq bağçasında 1 qrup təşkil olunub.
Talış kənd tam orta məktəbinin 8 müəllimindən biri, Gülnar Rəhimli martın 27-də könüllü olaraq Talış kəndində dərs deməyə başlayıb. Tərtər rayonundan olan və Tərtərdə yaşayan Gülnar müəllim daha əvvəl Ağdam rayon 84 və Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 nömrəli tam orta məktəblərində dərs deyib. 2023-cü il martın 27-dən Talış kənd tam orta məktəbində fəaliyyət göstərir: “Bu ilin martın 27-də dərslərimiz başladı. Kənddə doğulmayan, amma burada yaşamaqdan məmnun görünən uşaqların necə həvəsli olduqlarının ən böyük şahidləri bizik. Bu torpaqlara olan sevgisi, bağlılığı hər birinin gözündən oxunur. Onların sevincini, gözlərindəki xoşbəxtliyi, üzlərindəki gülüşü görəndə əmin oldum ki, qərarım doğrudur”.
G.Rəhimli deyir ki, Talış kəndində olmaq onun özünü də xoşbəxt edir. Çünki böyük qayıdışın tərkib hissəsi, iştirakçısı olmaq arzusu ilə yaşayanlardan biri də məhz odur: “Elə biz özümüz də böyük qayıdışın tərkib hissəsi olmaqdan qürur duyuruq. Düşünürdüm ki, şəhidlərimizin qanı, canı bahasına geri qaytarıb bizə əmanət etdiyi torpaqlarda təhsilin bərpa olunmasında mütləq mənim də payım olmalıdır. Bu qürurla da Qarabağ Regional Təhsil İdarəsinin dəvəti ilə burada fəaliyyətə başladım. İşğaldan azad olunan torpaqları görmək, burada yaşamaq və işləmək, təhsilin bərpasında iştirak etmək ən böyük arzum idi. Ona görə də, müvəqqəti müqavilə ilə başladığım işə davam etməliydim. Bu tədris ilində yerim vakansiyaya çıxarıldı. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 72.5 bal topladım və yerimi özüm qazandım. Sentyabrın 15-də dərslərimiz başlayanda sürpriz etdim şagirdlərimə. Onların necə sevindiyini görmək istəyirdim və gördüm”.
Gülnar müəllim burada özünü daha çox lazımlı hesab edir: “Direktorumuz Afidə müəllim şəhid Rəşad Mirzəlinin anasıdır. Məktəbimizə yeni müəllimlər gəlib, yeni şagirdlərimiz var. Dərsə girməkdən zövq alırıq. Düşünürəm ki, burada bizə daha çox ehtiyac var. Ən önəmlisi, təhsilimizin bu torpaqlara qayıdışında payımızın olduğunu bilmək çox yaxşı hissdir”.
G.Rəhimli müəllimlik vəzifəsinin məsuliyyətini burada daha çox hiss edir: “Müəllimlik məsuliyyətli peşədir. Ancaq bu torpaqlarda müəllimlik ikiqat məsuliyyətlidir”.
“Dərsimizin keyfiyyəti çox yüksək olur”
Aysel Aslanzadə Talış kənd tam orta məktəbinin VIII sinif şagirdidir. Böyüyəndə jurnalist olacaq. Talış kəndində başlayan həyatına elə jurnalist dilavərliyi ilə cavab verir: “Gözəl təbiətli, münbit torpaqlı kəndimiz gözəlliyi ilə görənləri heyran qoyur. Burada yaşamaq o qədər qürurvericidir ki... Şəhidlərin qanı ilə alınan bütün torpaqlar kimi qiymətlidir. Adı çəkiləndə düşmənin tir-tir titrədiyi, bu gün bu torpaqlarda olmağımızın səbəbkarı rəşadətli Azərbaycan Ordusu və öz qətiyyəti ilə qələbəmizi reallaşdıran Prezident İlham Əliyevin sayəsində bu gün biz buradayıq. Tariximizin bu torpaqlarda yazılan şanlı səhifələrini məhz bu torpaqlarda öyrənmək o qədər qürurvericidir ki, hər gün yaşadığım bu hissləri sözlə ifadə etməkdə çətinlik çəkirəm”.
Aysel deyir sinifdə 3 şagirddirlər. Bütün fənlər üzrə müəllimləri var və hər dərsləri fərdi hazırlıq keyfiyyətində olur: “Müəllimlərimiz çox yaxşıdır. Hər biri sinfə girib 3 şagirdə dərs deyir və dərsimizin keyfiyyəti çox yüksək olur. Müəllimlərin əməyinin qarşılığı, ümumiyyətlə, yoxdur. Məncə, müəllim adı ana və vətən adına bərabərdir. Burada onların işi çox dəyərlidir”.
“İndi yaşadıqlarımız uzun illər həsrətlə gözlədiklərimizdir”
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə hələlik 160 şagirddən ibarət 11 sinifdə dərslərə başlanıb. 15 müəllim burada dərs aparır.
15 yaşlı Yeganə Cəfərova deyir ki, əvvəlcə Laçın rayonu 20 nömrəli tam orta məktəbində təhsil alıb. Elə ki, ailəsi Füzuliyə qayıtmaq qərarı verib, o da boğçasını hazırlayıb əlinə alıb: “Yaxşı oxuyuram. Ən çox tarix fənnini sevirəm. Gələcəkdə tarixçi olmaq istəyirəm. Yaşadığım şanlı tarixi öyrənmək, öyrətmək və gələcək nəsillərə ötürmək niyyətindəyəm”.
IX sinif şagirdi Yeganə deyir sinifdə 12 şagird olaraq başlayıblar tədris ilinə. Dərslər başlayalı cəmi bir aydır və onlar artıq 16 nəfərdir: “İlin sonunadək daha da çoxalacağıq. Hər gün dostlarımızın, yoldaşlarımızın sayı artır. Dərslərimiz çox maraqlı keçir. Məktəbimiz həqiqətən çox gözəldir”.
VIII sinif şagirdi Əli Məstalıyev Bakıda 264 nömrəli tam orta məktəbin şagirdi olub. Yaxşı qiymətlərlə Füzuliyə gedib və indi orda da sinfinin ən yaxşılarından biridir: “Sinfimizdə ən yaxşı oxuyan Nurlan, Zeynəb və mənəm. Sinifdə 24 şagirdik və dərsimizi tamamilə mənimsəyə bilirəm”.
Əli Məstalıyev deyir dövrün tələbi olan ixtisaslardan birinə yiyələnəcək: “İT mütəxəssisi olmaq istəyirəm. Ona görə də II ixtisas qrupu üzrə olan fənlərə daha çox maraq göstərirəm.
Füzuli rayon Mollaməhərrəmli kənd məktəbinin müəllimi Rəna Hümbətova Füzuli şəhər 1 nömrəli tam orta məktəbinə II iş yeri olaraq gəlib: “Direktorluğa imtahan vermişdim, amma yerləşdirilməmişdim. Burada direktor müavini vəzifəsi boş olduğu üçün bu vəzifəyə gəldim”.
Fizika müəllimi olan Rəna Hümbətova 11 saat fizika fənnindən dərs aparır: “Füzuli şəhərində yaşamaq və işləmək müqayisə edilə bilməz. Füzuliyə 30 illik həsrətdən sonra qovuşduq. Elə həsrət hiss edirdim ki, yoldaşım hərbçidir və ondan xahiş edirdim ki, məni Füzulinin azad olunan ərazilərini də gəzdirsin”.
Rəna müəllim deyir ki, Vətən müharibəsində iştirak edən həyat yoldaşı ilə bərabər, demək olar ki, o da iştirak edib: “Müharibə dövründə, demək olar ki, hər gün əsgərlərə yemək aparırdım”.
VII sinifdən yuxarı şagirdlərə fizika dərsi aparan Rəna Hümbətova bu gün Füzulidə olduğu üçün çox sevinclidir: “Hər birimiz özümüzü xoşbəxt hiss edirik. İndi yaşadıqlarımız uzun illər həsrətlə gözlədiklərimizdir. Bu günlərdə yaşadığımız qürurverici günlərin dəyərini şagirdlərimiz də bilir. Hər biri necə bir dövr yaşadığımızın, necə qürurverici mərhələdən keçdiyimizin fərqindədir”.
Ruhiyyə DAŞSALAHLI