Logo

“Dövlət və Din” ictimai fikir toplusunun rəsmi internet saytı istifadəyə verilib

23.10.2023 10:40 143 baxış
IMG

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) elmi nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun 2023-cü ildə ikinci sayı dərc olunub və jurnalın rəsmi internet saytı istifadəyə verilib.

Bu barədə "Tehsil.biz"ə komitədən məlumat verilib.

Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanına əsasən “Dövlət və Din” ictimai fikir toplusu bu ildən elektron jurnal formatına keçib.

Qeyd edək ki, “Dövlət və Din” jurnalı 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) tərəfindən dinşünaslıq, dinin tarixi və fəlsəfəsi ixtisasları üzrə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib. Buna görə də jurnal öz fəaliyyətini AAK-ın qərarları və beynəlxalq standartlara uyğun qurub.

Dövri elmi nəşrlərin elm sahələrinə uyğun olaraq, müəyyən olunmuş beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinin (bazalarının) ən azı birinə daxil edilmələri barədə AAK-ın tələbinə uyğun olaraq, ötən ildən etibarən “Dövlət və Din” jurnalının müvafiq sayları sözügedən indeks sistemlərindən “Directory of Research Journals İndexing” (DRJİ), “Academia.edu” və Rusiya Elmi Sitatgətirmə İndeksinə (РИНЦ - library.ru) daxil edilib. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Əlcəzair, ABŞ kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir.

2015-ci ildən mütəmadi olaraq işıq üzü görən jurnalın hazırda 76-cı sayı dərc olunub. Tədqiqatçılarla yanaşı, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş jurnalın bu sayında Azərbaycan, türk və rus dillərində din psixologiyası, sosiologiyası və tarixi, etnik mədəniyyət və tolerantlıq, Azərbaycan tarixi və maarifçilik fəaliyyəti kimi mövzulara yer verilib. Məqalələrlə üç dildə fəaliyyət göstərən https://www.dovlet-din.az/az saytında tanış olmaq mümkündür.

Həmçinin qeyd edək ki, hazırda jurnalın bu il üçün nəzərdə tutulan sonuncu — 3-cü sayına məqalələrin qəbulu açıqdır.

Xəbər lenti