Logo

BANM əməkdaşı İspaniyada təlimlərdə iştirak edib - FOTO

25.10.2023 22:09 388 baxış
IMG

Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqatlar Mərkəzinin müdiri İlkin Axundov Katalunya Politexnik Universitetinin (UPC) dəvəti ilə İspaniyanın Barselona şəhərində keçirilən təlimlərə qatılıb.

Tehsil.biz xəbər verir ki, Avropa Komissiyasının Erasmus+  proqramı çərçivəsində maliyyələşdirilən və BANM-in də tərəfdaş olduğu “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi üzrə keçirilmiş təlimlərdə ali təhsil müəssisələrində sahibkarlıq fəaliyyətinin qurulması, strateji planlama və idarəetmə əsas müzakirə mövzusu olub.

Səfər müddətində iştirakçılar Katalunya Politexnik Universitetində tətbiq edilən yeniliklərlə tanış olub, təhsil prosesində sahibkarlıq fəaliyyəti, universitetin nəzdində yaradılmış startap şirkətləri haqqında məlumatlandırılıb, startapların təklif etdiyi məhsul və xidmətlərə baxış keçiriblər.  

İştirakçılar “İnnovasiya idarəetmə xidməti” mövzusunda keçirilən təqdimatdan sonra professor Vicenc Fernandezin “Sahibkarlığın tədris strategiyası və əməliyyatlara inteqrasiyası” adlı təliminə qatılıblar.Təlim iştirakçılarının Media TİC və Barselona Activa dövlət müəssisəsinin əsas innovasiya və tədqiqat binasına, Katalunya Politexnik Universitetinin nəzdindəki  Barselona Superkompüter Mərkəzinə və Cənub Kampusunda yerləşən emal müəssisəsinə səfərləri təşkil olunub. İstehsal ilə əlaqədar startapların, o cümlədən 3D Printerlərin istehsalı və tətbiqində ixtisaslaşan "Aridditivo" şirkətinin emalatxanaları və avadanlıqları ilə tanışlıq, müzakirələr və mövcud prototip, hazır məhsulların nümayişi iştirakçıların böyük marağına səbəb olub.

Sonda Katalunya Politexnik Universitetinin sahibkarlığın təhsil müəssisələrində inteqrasiyası modelinin fəaliyyəti, strukturu və təcrübələrinin təhlili aparılaraq Azərbaycan ali təhsil müəssisələrində müvafiq modelin yaradılması barədə müzakirələr aparılıb.

Xəbər lenti