Logo

Səhiyyə Nazirliyindən Şəkidə şagirdlər arasında qızılca infeksiyasının yayılmasına dair AÇIQLAMA

26.10.2023 10:46 316 baxış
IMG

“Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca və məxmərək xəstəlikləri üzrə sabit epidemioloji vəziyyət müşahidə olunur. Bununla belə, cari ilin ötən dövründə Türkiyə, Rusiya Federasiyası, İran, Qazaxıstan, Gürcüstandan gətirilmə hadisələrdən baş verən sporadik yoluxma halları müşahidə edilib. Təxirəsalınmaz profilaktik tədbirlər nəticəsində yoluxma hallarının geniş yayılmasının qarşısı vaxtında alınıb”.

Tehsil.biz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın şagirdləri arasında 2023-cü ilin sentyabr ayının sonlarından başlayaraq qızılca infeksiyasına yoluxma halları baş verib. Belə ki, gimnaziyanin 22 sinfindən 18-də tək-tək yoluxma halları müşahidə olunub. Bu hallar, əsasən, qızılcaya qarşı vaksinasiyadan kənarda qalmış uşaqlar arasında baş verib.

“Yoluxmuş uşaqlar izolyasiya edilib, onlardan laboratoriya müayinəsi üçün nümunələr götürülüb, uşaqlara xəstəxana şəraitində tibbi yardım göstərilib. Gimnaziyanın fəaliyyəti xəstələrlə sıx təmasda olan digər uşaqlara gündəlik həkim baxışı və termometriya həyata keçirilməklə davam edir.

Hazırda gimnaziyada epidemioloji vəziyyət ciddi nəzarət altındadır. Son yoluxma hadisəsi 6 oktyabr 2023-cü il tarixində qeyd edilib. Bu tarixdən etibarən xəstəliyin inkubasiya dövrü tamamlanana qədər (21 gün) ocaqda nəzarət işləri davam etdiriləcək”, - açıqlamada bildirilir.

Səhiyyə Nazirliyindən belə halların qarşısının alınması məqsədilə bir daha vaksinasiyanın vacibliyi vurğulanıb və hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində qızılca, epidemik parotit və məxmərək infeksiyaları əleyhinə peyvənd edilməsi tövsiyə olunub.

Xəbər lenti