Logo

Özbəkistanda “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” tədbirlərinə start verilib - FOTO

26.10.2023 22:49 311 baxış
IMG

Daşkənd şəhərində yerləşən Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda “Azərbaycan mədəniyyəti və poeziyası həftəliyi” çərçivəsində təntənəli konsert və “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli ensiklopedik nəşrin təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə baş tutan tədbirdə iki ölkənin elm, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimai xadimləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetinin rektoru Elmar Şermanov iki qardaş ölkə arasında mədəni əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əlaqələrin möhkəmləndirilməsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan diasporunun əhəmiyyətli rol oynadığını bildirib. Şuşada keçirilmiş I Türk Dünyası Mədəniyyət Forumunda iştirakını xatırladan rektor təkcə Azərbaycanın deyil, bütün Türk Dünyasının mədəniyyət paytaxtı olan Şuşanın türkdilli xalqların mədəniyyətindəki mühüm rolundan danışıb. Bu baxımdan Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ərsə gətirilmiş “Şuşa – Türk Dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli ensiklopediyanı yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ədəbiyyatşünas alim, tərcüməçi Babaxan Şərif, Azərbaycanın xalq şairi Vahid Əziz iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə inkişafında dövlət başçılarımızın misilsiz xidmətlərindən danışıblar, ensiklopedik nəşrin Şuşa ilinə və Türk Dünyasının paytaxtı elan edilməsinə töhfə olduğunu, Azərbaycan nasir və şairlərinin özbək oxucuları ilə məmnunluqla görüşdüklərini vurğulayıblar.

Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş xanəndələr, beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov və Kamilə Nəbiyevanın ifasında Azərbaycan muğamı, bəstəkar və xalq mahnıları, Özbəkistanda yaşayan azərbaycanlı saz ustası İlham Abdullayevın ifasında aşıq musiqisi, Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının ifasında milli rəqslərimiz təqdim edilib.

Tədbir çərçivəsində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, ölkəmizin parlaq Zəfərinə, mədəniyyətinə, ədəbiyyatına həsr edilmiş foto və kitab sərgisi təşkil edilib, universitetdə yaradılmış Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi ziyarət edilib.

Xəbər lenti