Oktyabrın 26-da Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq Olimpiya Gününə həsr edilmiş tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, olimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 1996-cı ildən hər il Beynəlxalq Olimpiya Gününün qeyd olunduğunu bildirib, ölkəmizdə idmanın yüksəliş dövründən, idmançılarımızın olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr əldə etməsindən danışıb.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov tədbir iştirakçılarını salamlayaraq qalib bir ölkənin vətəndaşları kimi belə tədbirlərdə iştirakın qürurlu hal olduğunu qeyd edib, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin olunmasında, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını bildirib.
Firudin Qurbanov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısı və idmançılarımızın olimpiya oyunlarında əldə etdikləri nailiyyətlərdən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
Rəsmi çıxışlardan sonra 200 nəfərdən artıq müəllim və şagirdin iştirakı ilə əyləncəli idman yarışı təşkil olunub, qaliblərə mükafatlar təqdim edilib.
Sonda xatirə fotosu çəkdirilib.