Logo

“Skills Azərbaycan 2023” yarışına qeydiyyat aparılır

27.10.2023 12:26 198 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “WorldSkills Azerbaijan” təşkilatının əməkdaşlığı çərçivəsində, “Skills Azərbaycan 2023” milli yarışına qeydiyyat davam edir.

Agentlikdən "Tehsil.biz"ə bildirilib ki, “Skills Azərbaycan 2023” müxtəlif bacarıq istiqamətlərini əhatə edən gənclər arasında keçirilən milli yarışdır. Bacarıqlar arasında veb-texnologiyalar, 3D oyun sənəti, aşpazlıq, bərbər, zərgərlik və qaynaqçı kimi sahələr yer alır.

Fərqli istiqamətlər üzrə keçiriləcək yarışın sonunda seçilmiş uğurlu iştirakçılar “WorldSkills Azerbaijan” milli komandasına daxil olaraq 80-dən çox ölkənin qatılacağı nüfuzlu beynəlxalq “WorldSkills Lyon 2024” yarışında Azərbaycanı təmsil etmək üçün fürsət qazanacaqlar.

“Skills Azərbaycan 2023” milli yarışı üçün noyabrın 10-dək müraciət etmək olar.

Qeyd edək ki, “Bestcomp Group” və “ATL” şirkətləri veb-texnologiyalar istiqaməti üzrə “Skills Azərbaycan 2023” milli yarışının sponsorlarıdır.

“WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbulu ilə qoyulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti