Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində Milli Aerokosmik Agentliyin Ekologiya İnstitutunun direktoru professor Bəhram Əliyev “Ekologiyanın müasir problemləri və onların həlli yolları” mövzusunda ustad dərsi keçib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Ustad dərsində dünyanı və respublikamızı narahat edən ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yollarından danışılıb. Eyni zamanda, müasir ekologiyanın strukturu, qlobal iqlim dəyişikliyinə antropogen amillərin təsiri, torpağın deqradasiyası və çirklənməsi, səhralaşma və onun səbəbləri, Azərbaycanın su ehtiyatlarından səmərəli istifadə yollarına dair konseptual təkliflər, ərzaq təhlükəsizliyi, atmosfer, hidrosfer və litosferə antropogen təsirlər, ətraf mühitin bioloji çirklənməsi, elektromaqnit sahəsinin və şüalanmanın canlı orqanizmlərə təsiri, neftlə çirklənmə, ekoloji təhlükəsizlik və idarəetmə, ölkənin əsas ekoloji problemləri, ətraf mühitin ekoloji monitorinqinin konsepsiyası, ekoloji menecmentliyin səmərəliliyi və ekoloji audit barədə geniş məruzə dinlənilib.
Sonra tələbələrin sualları cavablandırılıb.
Ustad dərsinin sonunda professor Bəhram Əliyevin həmmüəllifi olduğu “Azərbaycanda əsas ekoloji problemlər və onun həlli yolları” adlı dərs vəsaitinin təqdimatı olub.
