Logo

Qadın dini ayinlərin icraçıları ilə maarifləndirici görüşlər davam edir - FOTO

01.11.2023 11:04 161 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən cəmiyyətdə dini baxışların sağlam müstəvidə formalaşdırılması, cəhalət, xurafat və mövhumat kimi elementlərin qarşısının alınması və qadın dini ayinlərinin icraçılarının bu istiqamətdə fəallığının artırılması məqsədilə maarifləndirici görüşlər keçirilir.

Komitədən "Tehsil.biz"ə verilən məlumata görə, bu xüsusda növbəti görüş oktyabrın 31-də "Xurafatla mübarizədə qadın dini ayinlərinin icraçılarının rolu" mövzusunda baş tutub. Onlayn formatda keçirilən görüşdə DQİDK-nın Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova və Dövlət Komitəsi tərəfindən təyinat almış qadın dini ayinlərin icraçıları iştirak ediblər.

Çıxışlarda xurafatı yaradan amillər, onun növləri, xurafatın cəmiyyətdə yol aça biləcəyi fəsadlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, xurafatla mübarizədə qadın dini ayinlərinin icraçılarının üzərinə düşən vəzifə və öhdəliklərə diqqət çəkilib.

Sonda görüş iştirakçıları ilə fikir mübadiləsi aparılıb.

Xəbər lenti