Oktyabrın 30-da Azərbaycan Respublikasının Təhsil İnstitutunun benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin “Peşəyönümlü xidmətində ən yaxşı beynəlxalq təcrübə və nümunə araşdırmaları” adlı görüşü baş tutub.
Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan bildirilib.
Görüşün məqsədi karyera rəhbərliyi sahəsində müxtəlif beynəlxalq təcrübələrdən və ən yaxşı təcrübələrdən istifadə etməklə Azərbaycanda peşəyönümlü xidmət təcrübələrinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atmaq, ən yaxşı beynəlxalq təcrübələr haqqında hesabat təqdim etmək və ilkin layihə ilə bağlı əsas maraqlı tərəflərlə qarşılıqlı müzakirələr aparmaqdan ibarət olub.
Görüşdə müxtəlif qurumların, o cümlədən Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Dövlət Məşğulluq Agentliyi, Dövlət İmtahan Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, BMT-nin İnkişaf Proqramı, Azərbaycanda peşəyönümünə həsr olunmuş digər beynəlxalq layihələrin və müxtəlif növ təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Görüşdə spiker və moderator qismində layihənin əsas eksperti Mariana Mataçe və baş ekspert Brayan Staines çıxış edib. Brayan Staines görüş çərçivəsində hazırlanmış hesabatla bağlı təqdimat edib. Hesabat müxtəlif ölkələrin peşəyönümlü xidməti üzrə ən yaxşı təcrübələrini əhatə edib.