Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Arxeo” klubun “Qazıntıdan fonda” adlı tədbiri keçirilib.
Muzeydən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə tarixçi alimlər, Azərbaycan Kooperasiya Universitetinin Muzey, arxiv işi və abidələrin mühafizəsi ixtisası üzrə təhsil alan III kurs tələbələri iştirak ediblər.
Muzeyin Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova tələbələrə “Arxeo” klubunun fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, klubun yaradılmasında məqsəd gənclərə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi-mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini zənginləşdirməkdən ibarətdir.
Sonra Arxeologiya elmi fond şöbəsinin müdiri, dosent Nasir Quluzadənin mövzu üzrə məruzəsi dinlənilib. Məruzəçi muzeyin Arxeologiya şöbəsinin tarixindən bəhs edib, arxeoloji materialların muzeyə daxil olması, mühafizəsi haqqında danışıb.
Sonda tələbələrin sualları cavablandırılıb.