Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Kərkük Mədəniyyət Dərnəyi arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, imzalanma mərasimində çıxış edən BBMM-in icraçı direktoru Rəvan Həsənov İraq türkmənləri ilə azərbaycanlıları eyni mədəniyyət və tarixi köklərin bağladığını bildirib.
“Mərkəz olaraq qarşımızda duran əsas məqsədlərdən biri mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməkdən ibarətdir. Gələcəkdə bu istiqamətdə fəaliyyətimizi genişləndirmək niyyətindəyik”, - deyə R.Həsənov qeyd edib.
Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Küzəçi “İraq türkmənləri və Türk dünyası: Tarixi yaddaşın bərpası” mövzusunda konfransın təşkilinə görə Rəvan Həsənova təşəkkürünü bildirib. O, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb. BBMM ilə Kərkük Mədəniyyət Dərnəyinin imzaladığı memorandumun başlanılmış işin daha da genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, memorandumun məqsədi Türk xalqlarının mədəni birliyinin möhkəmləndirilməsinə töhfə verilməsi, o cümlədən İraq Respublikası ərazisində tarixən məskunlaşmış və hazırda da orada yaşayan türkmənlərlə mədəni əlaqələrinin genişləndirilməsi, ortaq tarixi ənənələrin, etnik mədəni-mənəvi dəyərlərin qarşılıqlı şəkildə öyrənilməsi və təbliğidir.
Memorandum çərçivəsində mədəniyyət, elm, təhsil, mədəni irsin öyrənilməsi və təbliği sahələrində təcrübə mübadiləsi aparılacaq. Azərbaycan Respublikasında İraq türkmənlərinin, İraq Respublikasında Azərbaycan xalqının tarix və mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi abidələri, adət-ənənələri təbliğ olunacaq. Azərbaycan xalqının və İraq türkmənlərinin maddi və qeyri-maddi mədəni irsinin öyrənilməsi, qarşılıqlı təbliği üzrə birgə elmi layihələr həyata keçiriləcək. Tərəflər arasında mütəxəssis və tələbə mübadiləsi aparılacaq, birgə forumlar, seminarlar, konfranslar, mədəni-kütləvi tədbirlər təşkil olunacaq.