Logo

Məktəbə ayaq qoymadan məzun olanlar

30.03.2021 10:00 628 baxış
IMG

Bu il orta məktəbi bitirən 11-ci sinif şagirdləri tarixi an yaşayacaqlar. Belə ki, onlar məktəbə getmədən mərtəbədən məzun olacaqlar. 


Əslində bu əvvəlki dövrdə bir çox məktəbdə qeyri-rəsmi də olsa, belə idi. Yəni şagirdlərin valideyni direktorla "razılıq" əldə edirdi və şagird məktəbə ancaq KSQ,BSQ yazmaq lazım olanda gedirdi. Bir özü Bakıda oxuyub adı rayon, məcburi köçkün məktəbində gedən şagirdlər var idi ki, onlar ümumiyyətlə getmirdilər. Amma pandemiya dövründə məktəb olmadığı üçün 1 ildir bu proses dayanıb. COVID-19 həm də bəzi direktorların gəlirinə ciddi şəkildə təsir göstərib. Düzdür, indi də müəyyən məlumatlar var ki, onlayn-distant dərslərdə iştirak etməməsi üçün "razılıq" tələb edənlər var, amma kütləvi deyil. 


Mən başqa bir məsələni qeyd etmək istəyirəm. Deməli, 15 apreldən məktəbə ayaq qoymayan, getməyən şagirdlər məktəbi bitirmək üçün buraxılış imtahanı verəcəklər. Niyə dərslər onlayn-distant qaydada keçirildiyi halda imtahanı ənənəvi keçiririk? Mən də bilirəm ki, hamı deyəcək ki, köçürmə halları olacaq və ya hamının texniki imkanları yoxdur. 


Bunlar həll oluna bilən problemlərdir. 
İkincisi, 15 gün sonra məktəbə getmədən buraxılış imtahanı verəcəklər, amma elektron ərizə qəbulu başlamayıb. 


Düzdür, şagirdlərin şəxsi məlumatları məktəb tərəfindən sistemə daxil edilir, amma burada da problemlər var. 


Artıq aprel ayı başlayır, amma DİM hələ də elektron ərizə qəbulunu başlamayıb. Bu gecikmə şagirdlərin psixoloji gərginlik yaşamalarına gətirib çıxarır. 


Yeniyetmələr üçün qəbul imtahanı ilə bağlı ən kiçik detal belə həssas dövrlərində gərginliyə səbəb olur.


Çox təəssüflər olsun ki, Təhsil nazirliyi ümumiyyətlə bu proseslərdən kənardadır. Yəni qəbul və buraxılış imtahanı ilə bağlı hörmətli Təhsil nazirliyi heç vaxt mövqeyini nümayiş etdirmir. 
Düzdür, deyirlər ki, DİM bizimlə razılaşdırılmış qaydada imtahanlar barədə qərar qəbul edir. Bu prosesləri bilən hər kəs bilir ki, DİM üçün Təhsil nazirliyinin təsdiqi formal xarakter daşıyır. Yəni onsuzda Təhsil nazirliyində bu prosesləri bilən yoxdur və hansı layihə təqdim edilsə, təstiq olunacaq. 


Qısası, bizi çətin dövr gözləyir. Məktəbə getməyənlərin nəticələri elan olunandan sonra bunun məktəbin adına, Təhsil nazirliyinin fəaliyyətinə aid olmasından tutmuş, bunu öz uğurlu fəaliyyəti kimi təqdim edəcək icra hakimiyyətlərinə qədər bir qurum bu proseslərdə şagirdləri ilə maraqlanmır. 


Ümid edirəm ki, DİM yaxın günlərdə elektron ərizə qəbuluna başlayacaq. Artıq ilk imtahana 15 gün qalıb. Əvvəlki illərin məzunlarının imtahan təsirləri martın sonunda elan olunacaq deyilmişdi, amma hələ də rəsmi məlumat yoxdur. Ola bilsin ki, hələ mart ayı tam sona çatmayıb, ona görə qalıb. 


Ümumiyyətlə, bu il həm Təhsil nazirliyi həm də DİM şagirdlərin və abituriyentlərin  talelərinə laqeyd münasibət göstərir.

 

Kamran Əsədov,

Təhsil üzrə ekspert

Xəbər lenti