Logo

“Heydər Əliyev dərsləri” çərçivəsində seminarlara başlanılıb - FOTO

05.11.2023 12:27 226 baxış
IMG

Ümumi təhsil müəssisələrinin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev dərsləri” çərçivəsində seminarlara start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) "Tehsil.biz"ə bildirilib ki, paytaxtdakı 276 nömrəli tam orta məktəbdə təşkil olunan dərslərdə Binəqədi rayonu üzrə məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Dərslər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “İlham Əliyev: tarixin ən qüdrətli Azərbaycanının və Böyük Zəfərin müəllifi” mövzusunda məruzə ilə çıxış edib. H.Əsgərov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasət barədə ətraflı məlumat verib.

Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran H.Əsgərov ölkə başçısının çoxcəhətli iqtisadi, siyasi və hərbi quruculuq strategiyasından bəhs edib. O bildirib ki, bütün dünya 44 gün ərzində Azərbaycan xalqının məğrurluğuna, yenilməzliyinə, ordusunun gücünə və İlham Əliyevin sərkərdəlik qabiliyyətinə şahidlik etdi. Vətən müharibəsi dünya tarixinin fenomeninə çevrildi.

Daha sonra 3 nömrəli tam orta məktəbin müəllimi Vətən Hüseynov və 276 nömrəli tam orta məktəbin müəllimi Elxan Quliyev məruzə ətrafında öz fikirlərini bildiriblər.

Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dərslərin paytaxtın 12 rayonu üzrə davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti