Rus riyaziyyatçıları yüksək fon səs-küyü və az miqdarda hesablama resursları da daxil olmaqla nitqin yüksəkliyini, sözdə tezliyi çox dəqiq və tez ölçməyə imkan verən bir alqoritm hazırlayıblar.
Tehsil.biz "aztibb.az"a istinadən xəbər verir ki, bu yanaşma neyron şəbəkələrə insan emosiyalarını və nitqini daha yaxşı tanımağa kömək edəcək.
“Tədqiqatçılar emosiyaların tanınması və xəstəliklərin diaqnostikası üçün mühüm parametr olan nitqin yüksəklik tezliyini dəqiq ölçən yeni alqoritmi təqdim ediblər.
Təklif olunan yanaşma hətta səs-küylü şəraitdə və vaxt ləngiməsi olmadan işləyir, eyni zamanda məlum analoqlarla müqayisədə daha az hesablama resurslarından istifadə edir”, - deyə hesabatda bildirilir.
Alqoritm Nijni Novqorod Ali İqtisadiyyat Məktəbinin professoru Andrey Savçenkonun rəhbərlik etdiyi elmi qrup tərəfindən hazırlanıb. O, dəyişdirilmiş klassik riyazi üsullar, o cümlədən kompüter proqramları tərəfindən səs emalında istifadə olunan Furye çevrilməsi əsasında qurulub.
Tədqiqatçıların fikrincə, onların yaratdığı alqoritm bir çox sahələrdə, o cümlədən sahibinin nitqini və emosiyalarını tanıya bilən səsli köməkçilərin hazırlanmasında, eləcə də psixologiya və tibb sahələrində istifadə oluna bilər. Məsələn, neyrodegenerativ xəstəliklərin diaqnostikası zamanı səs tonunun müəyyən edilməsi səs patologiyalarını müəyyən etməyə kömək edə bilər.