Logo

Mingəçevir Dövlət Universitetində ilk Məzun Forumu və əmək yarmarkası keçirilib - FOTOLAR

06.11.2023 10:15 159 baxış
IMG

Mingəçevir Dövlət Universiteti (MDU) və Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan hər iki tədbirdə şəhid ailələri, müharibə veteranları, dövlət və özəl qurumların, təhsil müəssisələrinin nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

Tədbir iştirakçıları və qonaqlar əmək yarmarkasının açılışında iştirak edib, stendlərlə tanış olub, işəgötürənlərlə söhbət ediblər. Diqqətə çatdırılıb ki, əmək yarmarkasına 19 müəssisə tərəfindən 160 vakansiya çıxarılıb.

Sonra MDU Birinci Məzun Forumunun işinə start verilib. Forumun açılışında MDU-nun rektoru Şahin Bayramov, DMA-nın İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlham İsmayılov,  Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və MDU-nun qonaq professorları Cemal Yılmaz və Evren Güçer çıxış ediblər.

Bildirilib ki, Forumun təşkilində əsas məqsəd məzunların və universitetin uğurlarını paylaşmaq, eləcə də universitet-məzun əlaqələrini inkişaf etdirmək üçün faydalı platforma təmin etməkdir.

Qeyd olunub ki, MDU-nu müxtəlif zamanlarda bitirmiş 200-ə yaxın məzunun illər sonra Forum çərçivəsində doğma universitetlərində bir araya gəlməsi əlamətdar hadisədir. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən işsizliyin aradan qaldırılması istiqamətində regionlarda mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılaraq, əmək yarmarkası və Məzun Forumunun təşkili bu istiqamətdə görülən işlərə töhfə kimi dəyərləndirilib.

Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin və Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbinin müəllimləri olan MDU-nun məzunları Şəmsiyyə Şəmsəddinova, Zəhra İsayeva və İltimas Məmmədova çıxış edərək Qarabağda və Şərqi Zəngəzurda fəaliyyətə başlayan ilk təhsil ocaqlarında çalışmaqdan qürur duyduqlarını bildiriblər.

Daha sonra, Forum çərçivəsində “Məşğulluq və universitet məzunu: imkanlar və çağırışlar”, “İnsan kapitalı inkişafında yeni trendlər” və “Müasir əmək bazarının əsas xüsusiyyətləri” mövzularında 3 panel müzakirəsi təşkil olunub.

Panel müzakirələrdən sonra Forumda MDU Məzunlar Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul edilib və 11 nəfər məzundan ibarət İdarə Heyətinin tərkibi formalaşdırılıb. Assosiasiyanın yaradılmasında məqsəd məzunlarla işin təşkili, universitet-məzun əlaqələrini gücləndirməkdir. Bununla yanaşı qərara alınıb ki, MDU Məzunlar Forumu iki ildə bir dəfə keçirilsin.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının əmək bazarının müasir dövrün tələblərinə uyğunlaşdırılması, universitet-məzun əlaqələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə müvafiq tədbirlərin təşkilinə xüsusi önəm verilir.

Xəbər lenti