183 nömrəli körpələr evi-uşaq bağçasında Zəfər Gününə həsr olunan tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Vətən Müharibəsi iştirakçıları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
183 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Elnarə Əsədova qonaqları salamlayıb və Şuşa şəhərinin azad edilməsinin Vətən Müharibəsində həlledici mərhələ olduğu üçün tariximizə Zəfər Günü kimi yazıldığını bildirib.
Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova Ali Baş Komandanın qəti mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın birliyi sayəsində Zəfər Gününə gedən yoldan bəhs edib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə və Əsgəranda üçrəngli bayrağımızın ucaldılması ilə ölkəmizin suverenliyinin bərpasının tam təmin olunmasının qürurverici hiss olduğunu və bu tarixi hadisələrin mahiyyətinin uyğun formada uşaqlara aşılanmasının vacibliyini bildirib.
Digər çıxış edənlər ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildiriblər.
Tədbirdə balaca fidanlar Azərbaycana, vətənpərvərliyə həsr edilən şeirlər söyləyiblər. Maraqlı kompozisiyalar, rəqs və mahnılar tədbir iştirakçılarının alqışları ilə qarşılanıb.