Müzəffər Ali Baş Komandan İlham Əliyev: “Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 8 noyabr 2020-ci il tarixdə xalqımıza verdiyi bu müjdəli xəbər sadəcə 10 milyonluq ölkəmizin deyil, dünyada yaşayan 50 milyon azərbaycanlının sevincinə səbəb oldu. Ata vəsiyyətini yerinə yetirən dövlət başçısının rəhbərliyi altında Silahlı Qüvvələrimiz bütün Qafqazın incisi, mədəniyyət paytaxtımız, əyilməzlik simvolumuz Şuşanı işğalçılardan azad etdi. Bu hərbi uğur, şanlı qələbə 44 günlük Vətən müharibəsinin də taleyini həll etdi, düşmən ordusu təslim oldu. Təsadüfi deyil ki, Şuşanın işğalçılardan təmizlənməsindən cəmi iki gün sonra - noyabrın 10-da Ermənistan siyasi rəhbərliyi kapitulyasiya aktına qol çəkmək məcburiyyətində qaldı. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-nin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Tarixi şəhərimizə həyat yenidən qayıdacaq
Əslində Prezident İlham Əliyev bu tarixi hadisənin anonsunu hələ 2016-cı ilin Aprel döyüşlərindən bir müddət sonra vermişdi. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Şuşadakı Gövhər ağa məscidinin memarlığına, ölçüsünə, üslubuna görə eynisi inşa olunmuşdu. İbadət evinin açılışının ardınca Cocuq Mərcanlı sakinləri qarşısında çıxış edən dövlət başçısı onları əmin etmişdi ki, gün gələcək Şuşa şəhəri də azad olunacaq, orada erməni vandalları tərəfindən dağıdılmış məscidlərimiz bərpa ediləcək, tarixi şəhərimizə həyat yenidən qayıdacaq.
“Sözümüz imzamızdır”
Hər zaman “Sözümüz imzamızdır” söyləyən Prezident İlham Əliyev 2020-ci ilin 8 noyabrında bir daha sözünün sahibi olduğunu nümayiş etdirdi. O, Şuşanın azadlığa qovuşması xəbərini Şəhidlər Xiyabanından televiziya vasitəsilə xalqına çatdırmaqla, müqəddəs ruhlar qarşısında da hesabat vermiş oldu. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanların qisasının alındığını, qanlarının yerdə qalmadığını bütün dünyaya bəyan etdi. “Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” - deyən Prezident İlham Əliyev 28 illik işğaldan sonra Şuşada yenidən azan səsi eşidiləcəyini, bu şəhərdəki tarixi abidələrimizin, məscidlərimizin bərpa olunacağını, ümumən böyük quruculuq tədbirlərinin həyata keçiriləcəyini bir daha vurğuladı.
Qarabağın əzəli sakinləri öz yurdlarına qayıdırlar
Həmin vaxtdan indiyə qədər ötən zaman ərzində azad Qarabağ böyük tikinti-quruculuq meydanına çevrilib. İşğaldan azad olunan rayonların baş planları təsdiqlənib, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bölgəyə səfərləri çərçivəsində neçə-neçə şəhər, qəsəbə və kəndlərin təməli qoyulub. İndiyə qədər Füzuli, Zəngilan hava limanlarının, çoxsaylı elektrik stansiyaların, “Zəfər yolu”nun, Füzulidə, Zəngilanda, Laçında yaşayış komplekslərinin, məktəb, uşaq bağçası və inzibati binaların açılışları olub, yeni hərbi hissələr, komando bölükləri yaradılaraq müdafiə qüdrətimiz daha da artırılıb, Qarabağın əzəli sakinlərinin öz ata-baba yurdlarına qayıdışına start verilib. Vətəndaşların məşğulluğunun təmin olunması üçün bir sıra iqtisadi layihələr reallaşdırılıb.
Hər bir azərbaycanlı üçün müqəddəs məkan
Şuşaya gəlincə, bu tarixi şəhərimizdə də quruculuq geniş vüsət alıb. Heydər Əliyev Fondunun xətti ilə ilk növbədə məscidlərimiz, mədəni-tarixi abidələrimiz bərpa edilib, “Qarabağ”, “Xarı bülbül” hotellərinin, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışı olub. Zəngin mədəniyyəti, tarixiliyi ilə seçilən Şuşa beynəlxalq tədbirlərə, festivallara, konfranslara, rəsmi qəbullara, qlobal forumlara ev sahibliyi edir. Bu tarixi Azərbaycan şəhərində Zəfər məscidinin, 17 binadan ibarət yaşayış kompleksinin təməli qoyulub. Artıq gələn ilin birinci rübündən 400-ə yaxın ailənin Şuşaya köçürülməsi planlaşdırılıb. Bu, işğaldan azad olunan bütün ərazilər kimi, Qarabağın tacı sayılan Şuşaya da Azərbaycan dövlət başçısının xüsusi diqqətinin göstəricisidir. Təsadüfi deyil ki, 2022-ci il noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev Şuşanı Azərbaycan xalqının ürəyi, canı, hər bir azərbaycanlı üçün müqəddəs yer kimi dəyərləndirib.
Həyatda öz əksini tapan fəlsəfə
Onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsində qardaş Türkiyə Azərbaycana birmənalı mənəvi və siyasi dəstək verib. Bununla da Türkiyə Cümhuriyyətinin qurucusu, ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, müstəqil Azərbaycanın qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin şəxsi münasibətləri, ölkələrimiz arasındakı qardaşlıq bağları kontekstində real həyatda növbəti dəfə öz əksini tapıb. Türkiyə Prezidenti, eləcə də digər rəsmi şəxslər tarixi haqq-ədalətin bərpasında daim Azərbaycanın yanında olduqlarını bəyan ediblər. Müharibədən sonra isə Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə Türkiyə şirkətləri cəlb olunublar. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında R.T.Ərdoğanın iştirakı, 2021-ci il iyunun 15-də Şuşada prezidentlərin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalamaları, həmin il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının, 22 oktyabr 2022-ci il tarixdə Zəngilan Beynəlxalq Hava Limanının, eləcə də türkiyəli iş adamlarının Qarabağda gerçəkləşdirdiyi iqtisadi layihələrin Türkiyə Prezidentinin iştirakı ilə açılışlarının olması da qardaşlıq əlaqələrinə gözəl nümunədir.
Səmimi dialoq, gələcəyə verilən mesaj
Bu yerdə bir məqamı xüsusi vurğulamaq yerinə düşər. Qarabağa belə səfərlərin birində Prezident İlham Əliyevlə birlikdə Şuşa şəhərinin kənardan görünüşünü seyr edən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan uzaqda dağların əhatəsində müşahidə olunan yaşayış məntəqəsinin Xankəndi olduğunu öyrənincə, “Hotel orada olacaqmı?” - soruşur. Prezident İlham Əliyev isə cavabında gülərək “Orada da olacaq”, - deyə bildirir. 2021-ci ildə liderlər arasında yaşanan bu səmimi dialoqda Azərbaycan Prezidentinin qətiyyəti, prinsipiallığı, əminliyi ilə bərabər, xalqına verdiyi daha bir vədin, anonsun da şahidi olduq.
44 günün qələbə xronologiyası
Xatırladaq ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində həmin il noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun üç kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Laçın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha beş adsız yüksəklik azad olunub. Noyabrın 10-da imzalanan Üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verilib. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olunub. Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Bununla Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edilib. 2020-ci il dekabrın 1-də isə bir şəhər, bir qəsəbə və 125 kənd olmaqla, ümumilikdə 127 yaşayış məntəqəsini özündə birləşdirən Laçın rayonu Azərbaycana təhvil verilib.
Azərbaycanın sərgilədiyi səbir və təmkin
Sadalanan yaşayış məntəqələrinin adlarından göründüyü kimi, o dövrdə işğaldan azad olunan ərazilər sırasında Xocalı, Xankəndi, Xocavənd, Ağdərə şəhərləri, Əsgəran qəsəbəsi yer almayıb. Üçtərəfli bəyanatın tələbinə uyğun olaraq, Azərbaycan tərəfi erməni separatçıların bu ərazilərdən də dinc yolla çıxıb gedəcəyini səbir və təmkinlə gözləyib. Qeyd olunan yaşayış məntəqələrinin erməniəsilli sakinlərinə rəsmi Bakı tərəfindən seçim imkanı yaradılıb. Ən yüksək səviyyədə bəyan edilib ki, Azərbaycan bayrağı altında, qanunlarımıza tabe olaraq, vətəndaşlığımızı qəbul edərək ölkəmizdə qalıb yaşamaq istəyən ermənilərin təhlükəsizliyi tam təmin olunacaq. Yox, əgər hansısa erməniəsilli şəxs bu şərtləri qəbul etmirsə, özünün gələcəyini Ermənistanda yaşamaqda görürsə, “Laçın” Sərhəd-Buraxılış Məntəqəsi vasitəsilə sərbəst şəkildə arzuladığı ölkəyə gedə bilər.
Özlərini “prezident” adlandıran təlxəklərin acı sonu
Xankəndi və digər yaşayış məntəqələrindəki erməniəsilli sakinləri özlərinin girovuna çevirən separatçı rejim, təəssüflər olsun ki, o zaman Azərbaycanın bu humanist mövqeyini düzgün qiymətləndirmədi. Əksinə, separatçılar qondarma seçki keçirməklə, silahlı quldurlara güvənməklə, müxtəlif təxribatlara əl atmaqla Azərbaycan qanunlarına tabe olmayacaqlarını açıq-aşkar ortaya qoydular. Xunta rejiminin bu addımı Azərbaycanın səbrini daşıran sonuncu addım oldu. Silahlı Qüvvələrimizin 2023-cü ilin 23 sentyabrında bir sutkadan da az müddətdə həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsi olaraq, erməni quldur birləşmələri tərk-silah edildilər. Ardınca isə separatçıların “liderləri”, özlərini “prezident” adlandıran təlxəklər hüquq-mühafizə orqanlarımız tərəfindən bir-bir tutularaq qanun qarşısında cavab vermək üçün Bakıya gətirildilər. Hazırda istintaq təcridxanasında saxlanılan bu şəxslər məhkəmə önünə çıxarılacaqları günü gözləyirlər.
“Bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq”
Bütün bunların nəticəsi olaraq, Azərbaycan dövlət başçısı öz vədinə sadiq olduğunu növbəti dəfə ortaya qoydu. Oktyabrın 15-də Xocalı, Xankəndi, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli, ay-ulduzlu bayrağımızı dalğalandıran dövlət başçısı İlham Əliyev Azərbaycan xalqını təbrik etdi. O, prezidentliyinin 20 ili ərzində qarşısına qoyduğu bütün hədəflərə çatdığını dilə gətirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. ...Biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.