Logo

Sosial-İqtisadi Kollecdə Zəfər Günü qeyd edilib

08.11.2023 18:40 267 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, ey Vətən!” adlı tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə kollecdən məlumat verilib.

Tədbirdə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi Qaradağ rayon filialının sədri Çingiz Tağıyev, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunub.

Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev Qarabağda suverenliyimizin tam bərpasının əhəmiyyətindən danışıb. O, qalib xalqımızın dövlət başçımızın ətrafında sıx birləşərək bütün dünyaya gücümüzü, mətinliyimizi, mübarizliyimizi nümayiş etdirdiyini söyləyib.

Sonra tədbir iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib.

Sonda kollecin rəhbərliyi və müəllim heyəti ilə qazi məzunların görüşü keçirilib.

Xəbər lenti